Amazon şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skottun çərşənbə axşamı pandemiyanın "dağıdıcı" təsirinə məruz qalan həssas insanlara yardım göstərən qruplara 4.2 milyard dollar ayırdığını bildirib.
Əvvəllər Makkenzi Bezos adından istifadə edən Skott keçən il sərvətinin böyük hissəsini xeyriyyə işlərinə bağışlayacağı barədə öhdəlik imzalayıb.
Bu ilin əvvəlində Skott irqi, cinsi, iqtisadi bərabərlik və bir sıra digər sosial problemlərlə məşğul olan qruplara təxminən 1,7 milyard dollar ayırıb.
"Bu pandemiya onsuz da çətinlik çəkən amerikalıların həyatında dağıdıcı bir zərbə endirib. İqtisadi itkilər və sağlamlıq nəticələri eyni zamanda qadınlar, müxtəlif irqi və etnik qruplar, eləcə də yoxsulluq içərisində yaşayan insanlara daha pis təsir edib" - deyə, Skott bu il verdiyi ikinci ianə ilə bağlı mesajında bildirib.
Bu arada o, milyarderlərin sərvətinin əhəmiyyətli dərəcədə artdığını da vurğulayıb.
Makkenzi Skott ad çəkməsə də, həmin milyarderlər arasında onun keçmiş həyat yoldaşı var. Pandemiya zamanı Bezosun sərvətinin təxminən 80% artdığı bildirilib.
Skott Birləşmiş Ştatlarda pandemiyanın iqtisadi təsirlərindən əziyyət çəkən insanlara yardım edən 384 təşkilatın müəyyənləşdirilməsi üçün məsləhətçi qrupu seçdiyini deyib.
O, aclıq, yoxsulluq və irqi bərabərsizliklə mübarizə aparan təşkilatlara xüsusi diqqət yetirildiyini bildirib.
Dəstək veriləcək hədəflər arasında ərzaq bankları, işlə təmin edilmə xidmətləri, insan haqlarını müdafiə fondları, borclardan azad etmə proqramları və mülki hüquqların müdafiəsi qrupları yer alır.