Accessibility links

Bayden aprelin 24-də “Ermənilərin Anım Günü” ilə bağlı bəyanatını açıqlayıb


ABŞ prezidenti Co Bayden
ABŞ prezidenti Co Bayden

Prezident Co Bayden aprelin 24-də “erməni soyqırımı”nın başlanmasının 107-ci ildönümü münasibətilə “qırğın kampaniyası zamanı deportasiya edilən, öldürülən və ya ölümə məhkum edilən” 1,5 milyon erməninin xatirəsinin anıldığı bəyanat açıqlayıb.

Bəyanatda Baydenin Rusiyanın Ukraynaya qarşı soyqırım adlandırdığı müdaxiləsindən bəhs edilməyib. Bununla belə, Bayden bu gündən istifadə edərək, Birləşmiş Ştatlar və müttəfiqlərinin ukraynalıları silahlandırıb, Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi vaxt bir sıra xarici siyasət prinsiplərini ortaya qoyub.

“Biz nifrətin bütün təzahürlərinin dağıdıcı təsirinə qarşı ayıq qalacağımızı vəd etdiyimizi bir daha təsdiqləyirik. Biz dünyada silinməz izlər buraxan vəhşilikləri dayandırmaq və buna qarşı çıxış etmək öhdəliyimizi yeniləyirik,” Bayden bəyanatında bildirib.

1915-ci ildə Osmanlı rəsmiləri indiki İstanbul, o zaman Konstantinopolda erməni ziyalılarını və icma liderlərini həbs etməyə başlamışdı. Baydenin bəyanatında aprelin 24-də baş vermiş bu hadisənin soyqırımın başlanğıcı olduğu qeyd edilir.

Prezident seçkiləri zamanı kampaniya vədini yerinə yetirən Bayden ilk dəfə keçən il aprelin 24-də hadisələrin ildönümündə “soyqırım” ifadəsini işlədib.

ABŞ-ın əvvəlki prezidentləri NATO üzvü olan Türkiyənin reaksiyasından ehtiyat edərək onilliklər ərzində bu ifadəni işlətməkdən yayınıblar.

Bir il əvvəl Baydenin verdiyi bəyanat Türkiyə rəsmiləri tərəfindən qəzəblə qarşılanmışdı. “ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı radikal erməni dairələri və anti-türk qruplarının təzyiqi ilə verdiyi bəyanatı rədd edir və qəti şəkildə pisləyirik”, Türkiyə Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda bildirilmişdi.

XS
SM
MD
LG