Accessibility links

Bayden Rusiya ilə normal ticarət əlaqələrini dayandırmağa çağırır


ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Böyük Yeddilər qrupu Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Rusiya ilə normal ticarət əlaqələrini dayandıracaq. Bunu ABŞ Prezidenti Co Bayden cümə günü Vaşinqtonda hər iki partiyadan təzyiqlərin artması fonunda açıqlayıb.

Rusiyanın “ən çox bəyənilən ölkə” ticarət statusu ABŞ və müttəfiqlərinə bir çox Rusiya mallarına tətbiq olunan tarifləri artırmaq prosesinə başlamaq və bununla da Rusiya iqtisadiyyatını daha da zəiflətmək imkanı verir. Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının bu il “dərin tənəzzülə” uğrayacağını təxmin edir.

ABŞ rəsmiləri deyib ki, hər bir ölkə Rusiyanın ticarət statusunu öz ölkəsindəki prosedurlara müvafiq olaraq dəyişdirməlidir. ABŞ-da bunun üçün Konqresin təşəbbüsünə ehtiyac var ki, həm Demokrat həm də Respublikaçı qanunvericilər buna dəstəklərini ifadə ediblər.

“Bu, Rusiyanın Birləşmiş Ştatlarla ticarət aparmasını, habelə bunu qlobal iqtisadiyyatın yarısını təşkil edən digər ölkələrlə yekdilli bir şəkildə etməsini çətinləşdirəcək,” Bayden Ağ Evdən etdiyi açıqlamasında bildirib.

“Bu, onsuz da bizim sanksiyalarımızdan çox əziyyət çəkən Rusiya iqtisadiyyatına daha bir dağıdıcı zərbə olacaq,” Bayden qeyd edib.

ABŞ və digər müttəfiqlər daha öncə də Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəyə son qoymağa təzyiq göstərmək üçün bir sıra misli görülməmiş sanksiyalar və ixrac və bank məhdudiyyətləri tətbiq ediblər.

Ağ Ev bildirib ki, Prezident Bayden cümə günü ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb və onu "Birləşmiş Ştatların bu gün Böyük Yeddilər və Avropa İttifaqı ilə koordinasiyalı bir şəkildə Rusiyanın ödəyəcəyi bədəlları daha da artımaq məqsədilə atdığı addımlar barədə məlumatlandırıb.” Bayden həmçinin “Birləşmiş Ştatların Ukraynaya təhlükəsizlik, humanitar və iqtisadi yardımı davam etdirdiyini” qeyd edib.

Bundan öncə cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski video çıxışında təfərrüat vermədən ordusunun “strateji dönüş nöqtəsinə” çatdığını deyib.

“Torpaqlarımızı azad etmək üçün daha neçə günə ehtiyacımızın olacağını demək qeyri-mümkündür, amma bizim bunu edəcəyimizi demək mümkündür, çünki…biz strateji dönüş nöqtəsinə çatmışıq,” Zelenski deyib.

ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi adının anonim qalması şərtilə cümə günü deyib ki, Ukrayna qüvvələri Rusiya qüvvələrinin planlarını alt-üst edən “uyğunlaşa bilən və çevik” müdafiə taktikasını yürütməyə davam edirlər.

Rəsmi həmçinin müxbirlərə deyib ki, ABŞ Rusiya qüvvələrinin, xüsusilə də Rusiyanın hava qüvvələrinin ümumilikdə “riskdən yayındığını” görürlər, eyni zamanda isə təcrübəsizliklərini nümayiş edirlər.

“Bu, böyük ekspedisiya qabiliyyətinə və təcrübəsinə malik olan bir ordu deyil,” rəsmi deyib.

Ancaq rəsmi həmçinin xəbərdarlıq edib ki, Rusiya qüvvələrinin ilkin yanlışlarından dərs çıxardıqlarına dair işarələr var və bəzi qabaqcıl ünsürlər indi Kyivin şimal-qərbində, şəhər mərkəzinin 15 kilometr yaxınlığında döyüşürlər.

Digər böyük şəhərlər, o cümlədən Mariupol və Çernihiv də getdikdə daha çox təcrid olunur.

ABŞ həmçinin Rusiyanın Ukraynanın qərbindəki mövqeləri hədəf almağa başladığını təsdiq edib. Belə ki, onlar cümə günü Lutsk və İvanı-Frankovskda aerodromları vurublar. Hərbi müdaxilə başlayandan bəri 800-dən çox raket atılıb.

Vaşinqton Moskvaya, bəzi müşahidəçilərin təbirincə, Rusiya qüvvələrinin Ukraynada müharibə cinayətləri ilə bağlı xəbərdarlıq etməsindən bir gün sonra ABŞ-ın Vitse-prezidenti Kamala Harris Rumıniyaya səfəri zamanı deyib ki, Putin münaqişəyə diplomatik həll yolu tapmaq niyyəti sərgiləmir.

Putin cümə günü Harrisin iddialarını rədd edib və təfərrüat paylaşmadan deyib ki, Ukrayna ilə danışıqlarda irəliləyişlər olub və danışıqlar “artıq, demək olar, hər gün aparılır.”

Harris regionda pisləşən qaçqın böhranını müzakirə etmək üçün şərqi Avropaya üç günlük səfəri çərçivəsində Buxarestdə Rumıniya Prezidenti Klaus İohannis və digər rəsmilərlə görüşüb.

Cümə axşamı ABŞ rəsmiləri deyib ki, müharibə edən iki tərəf arasında yüksək səviyyədə danışıqlar heç bir irəliləyiş olmadan başa çatdığı bir vaxt, Rusiya Ukraynada “yaşayış mərkəzlərini dağıtmaq strategiyasına üz tutur.”

“Bizim əlimizdə mülki vətəndaşlara qarşı qəsdən edilmiş hücumlarla bağlı etibarlı məlumatlar var. Bu isə Cenevrə Konvensiyaları altında müharibə cinayəti hesab olunur,” Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. Ancaq o, Rusiyanı konkret olaraq bu cür cinayətləri törətməkdə ittiham etməyib.

Rusiya Prezidenti “Putinin Ukraynanı sürətli şəkildə ələ keçirmək planı, aydındır ki, iflasa uğradı” - Prays iki həftədir davam edən hərbi müdaxiləyə istinadən söyləyib. “Ona görə də o indi Ukrayna xalqının iradəsini qırmaq üçün yaşayış mərkəzlərini məhv etmək strategiyasına üz tutur, ancaq o bunu edə bilməyəcək.”

Rusiya hərbi müdaxiləsi çərçivəsində mülki vətəndaşları hədəf aldığını inkar edib.

Müharibə cinayətləri iddiaları

Vitse-prezident Harris bu həftənin əvvəli Polşada ikən deyib ki, o, Birləşmiş Millətlər Təşkilatının Rusiyanın Ukraynaya hərbi müdaxiləsi çərçivəsində “hüquq pozuntuları və müvafiq cinayətlərlə” bağlı təhqiqatını dəstəkləyir.

“Əlbəttə ki, təhqiqat olmalıdır və biz hamımız onu izləməliyik,” Harris Varşavada Polşanın Prezidenti Andrzej Duda ilə görüşündən öncə söyləyib.

Harrisin sözləri, Ukrayna rəsmilərinin dediyinə görə, Rusiyanın Ukraynanın Mariupol şəhərində içində doğum evinin olduğu uşaq xəstəxanasına hava hücumu nəticəsində, biri uşaq olmaqla, azı üç nəfərin ölümü ilə nəticələnməsindən bir gün sonraya təsadüf edib.

Duda əlavə edib ki, “Bizə aydındır ki, ruslar Ukraynada müharibə cinayətləri edirlər.”

Ukrayna prezidenti xəstəxanaya hücumu soyqırım adlandırıb və NATO-nu bir daha Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyə çağırıb və deyib ki, “Sizin gücunüz olsa da, belə görünür ki, insanlığınızı itirirsiniz.”

Rusiya xəstənaxanaya hücum etdiyinə dair ittihamları “saxta xəbər” adlandırıb və deyib ki, bina əvvəllər xəstəxana olsa da, uzun müddətdir ki, qoşunlar tərəfindən ələ keçirilmişdi.

Təhlükəsizlik Şurasının iclası

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynanın kimyəvi silah istehsal etdiyinə dair ittihamlarını müzakirə etmək üçün cümə günü fövqəladə iclas keçirir.

İclas Rusiyanın tələbi ilə keçirilir. Şuranın Suriya ilə bağlı sessiyası zamanı Rusiyanın bioloji silahlardan istifadəsi sual edilib.

Rusiya həmçinin ABŞ-ı Ukraynanın bioloji silahlarla bağlı tədqiqatını maliyyələşdirməkdə ittiham edib.

ABŞ və Ukrayna Rusiyanın ittihamlarını rədd edib.

XS
SM
MD
LG