Accessibility links

Bayden Rusiyanın taktiki nüvə təhlükəsini "real" adlandırıb


ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə ilə hədələməsinin "real" olduğunu deyib.

Amerika lideri bu barədə Rusiyanın Belarusda bu cür silahlar yerləşdirməsini pisləyəndən bir neçə gün sonra açıqlama verib.

Şənbə günü Bayden Putinin Rusiyanın Belarusda taktiki nüvə silahlarının ilk partiyasını yerləşdirməsi barədə açıqlamasını "tamamilə məsuliyyətsizlik" adlandırıb.

"Mən iki il əvvəl burada olarkən Kolorado çayının quruması ilə bağlı narahatlığımdan danışanda hamı mənə dəli kimi baxdı" – deyə, Bayden bazar ertəsi Kaliforniyada donor qrupuna çıxışında bildirib.

"Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə də mənə elə baxırdılar. Bu, realdır", Bayden deyib.

Ötən həftə Belarus lideri Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın taktiki nüvə silahlarını qəbul etməyə başladığını bildirib.

Onun sözlərinə görə, bəzi nüvə başlıqları 1945-ci ildə ABŞ-ın Xirosima və Naqasakiyə atdığı atom bombalarından üç dəfə güclüdür.

Bu, Sovet İttifaqının dağılmasından sonra bu tip döyüş başlıqlarının Rusiyadan kənarda ilk dəfə yerləşdirilməsidir.

ABŞ buna olaraq strateji nüvə silahları ilə bağlı mövqeyini dəyişmək niyyətində olmadığını və Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmədiyini bildirib.

May ayında Rusiya Baydenin Belarusda taktiki nüvə silahı yerləşdirilməsi planı ilə bağlı tənqidini rədd edərək, ABŞ-ın onilliklər ərzində bu cür nüvə silahlarını Avropada yerləşdirdiyini bildirib.

Rusiyanın bu addımı ABŞ, onun müttəfiqləri, eləcə də Ukrayna müharibəsində nüvə silahından istifadəyə qarşı dəfələrlə xəbərdarlıq edən Çin tərəfindən diqqətlə izlənir.

XS
SM
MD
LG