Accessibility links

Bayden azalan dəstək fonunda afroamerikalı seçiciləri cəlb etməyə çalışır


ABŞ Prezidenti Co Bayden. 17 may, 2024.
ABŞ Prezidenti Co Bayden. 17 may, 2024.

Prezident Co Bayden bu həftə də qaradərili seçicilər arasında təbliğat aparmağa davam edib. Belə ki, o, vətəndaş hüquqları sahəsində əldə olunan naliyyətləri qeyd etmək və növbəti nəsil liderlərə müraciət etmək üçün keçirilən bir sıra tədbirlərdə iştirak edib.

Onun kampaniyası noyabrda keçiriləcək prezident seçkisindən öncə tarixən Demokratar Partiyasının namizədlərini dəstəkləyən qrup arasında dəstəyin açıq-aşkar azalmasını həll etməyə çalışır.

Bayden cümə günü Vaşinqtonda Milli Afrikalı Amerikalıların Tarixi və Mədəniyyəti Muzeyində çıxış edib. Orada o, rəqibi, Respublikaçılar Partiyasından prezidentliyə ehtimal olunan namizəd, keçmiş prezident Donald Trampı hədəfə alıb.

“Mənim sələfim və onun ifrat MAGA dostları bizim səsvermə hüququndan tutmuş seçim (abort) hüququna qədər fundamental azadlıqlarımızı əlimizdən almağa görə məsuliyyət daşıyır,” Bayden, Trampın Make Amerika Great Again (Amerikanı Yenidən Möhtəşəm Et) kampaniyasının tərəfdarlarına və Respublikaçıların səsvemə və abort hüquqlarını məhdudlaşdırmaq səylərinə istinadən deyib.

Tramp kampaniyası bildirib ki, Baydenin “israrlı qazlaytinqi və almağa məcbur qaldığı reklamlara xərclədiyi milyonlarla dollara” rəğmən onların namizədinin “hispanik və qaradərili amerikalılar arasında dəstəyi artır.”

“Qaradərili və hispanik seçicilər də bütün amerikalılar kimi Prezident Trampın rəhbərliyi altında olduğu zamanla müqayisədə - çox - daha pis vəziyyətdədirlər – və hər bir rəy sorğusu bunu əks etdirir,” Tramp kampaniyasının mətbuat katibi Karolin Levitt Amerikanın Səsinə göndərdiyi açıqlamasında bildirib.

“Onların daha az pulları var, hər şey üçün daha yüksək qiymətlərlə üzləşirlər, eyni zamanda isə qanunsuz immiqrantarın maraqlarını onların maraqlarından üstün tutan zəif prezidentin [liderliyi] altında yaşamağa məcburdurlar,” o deyib.

Tramp qaradərili seçiciləri cəlb etməyə çalışır. Buna onun hüquqi problemlərindən sui-istifadə edərək onların cinayət ədaləti sistemi tərəfindən ədalətsiz təqib mövzusunda diqqətlərini çəkməsi daxildir.

Gənc afroamerikalı seçiciləri hədəf alır

Gənc afroamerikalı seçicilərin dəstəyini qazanmaq məqsədi ilə Bayden cümə günü tarixən qaradəlilərdən ibarət kollec və universitetlərdə tələbə təşkilatları olan Divine Nine qrupunun liderləri ilə görüşüb.

O bundan öncə cümə axşamı 1954-cü ildə seqreqasiyanı təbliğ edən qanunları qeyri-konstitusion olaraq tanıyan Ali Məhkəmə qərarı olan Brown vs. Board of Education (Brown Təhsil Şurasına qarşı) işindəki iddiaçılar və ailə üzvləri ilə özəl görüş keçirib.

Bayden həmçinin bazar günü Atlantada Martin Lüter Kinqin məzun olduğu tarixən qaradərililərin oxuduğu Morehouse Kollecində keçirilən buraxılış mərasimində nitqlə çıxış edəcək. Bayden çıxışını prezidentə dəstəkləri azalan növbəti nəsil qadaradərili kişilərə yönəldəcək.

Onun çıxışı ölkə boyu universitet kampuslarında etiraz aksiyalarının keçirilməsindən sonraya təsadüf edir. Həmin etirazlarda proqressiv tələbələr Baydenin İsrail-HƏMAS müharibəsini idarə etmə şəklindən məyusluqlarını ifadə ediblər.

Bayden daha sonra Detroytda aparıcı vətəndaş hüquqları təşkilatı olan Qaradərililərin İnkişafi üçün Milli Assosiasiyası (NAACP) üçün keçirilən şam yeməyinə qatılacaq və şəhərdə qaradərililərin sahib olduğu kiçik bizneslərə baş çəkəcək.

Bayden kampaniyası deyib ki, bu tədbirlərdə iştirak administrasiyanın qaradərili seçicilərin dəstəyini qazanmağa və onların prioritetlərini həll etməyə çalışdığına işarədir.

Forum

XS
SM
MD
LG