Accessibility links

Bayden Qəzzada atəşkəsə gələn həftə nail olunacağına ümid etdiyini deyir


Qəzzanın şimalında Beyt Lahia bölgəsində dağıdılmış binaların görünüşü, 26 fevral, 2024.
Qəzzanın şimalında Beyt Lahia bölgəsində dağıdılmış binaların görünüşü, 26 fevral, 2024.

ABŞ prezidenti Co Bayden bazar ertəsi deyib ki, bir neçə ölkənin nümayəndə heyəti noyabrın sonundan bəri döyüşlərin noyabr ayından bəri ilk dəfə dayandırılması ilə bağlı danışıqlar apardığı vaxt gələn həftənin əvvəlində Qəzzada yeni atəşkəs görəcəyinə ümid edir.

"Milli təhlükəsizlik müşavirim mənə dedi ki, biz yaxınıq. Biz yaxınıq. Hələ işimiz bitməyib. Ümid edirəm ki, gələn bazar ertəsi atəşkəs əldə edəcəyik," Bayden Nyu Yorkda müxbirlərə deyib.

Müzakirəçilər altı həftə ərzində döyüşləri dayandıracaq razılaşma üzərində işləyir. Razılaşma Qəzzada HƏMAS militantları tərəfindən saxlanılan girovların, həmçinin İsrailin saxladığı fələstinli məhbusların azad edilməsini nəzərdə tutur.

Hər gün Qəzzaya humanitar yardım aparan yüzlərlə yük maşını da razılaşmanın bir hissəsi olacaq.

İsrailin Baş naziri Benyamin Netanyahu müvəqqəti atəşkəsin İsrailin HƏMAS-ı məhv etmək məqsədinə çatmaq üçün cənubdakı Rəfah şəhərində hücum planlarını dəyişməyəcəyini bildirib.

Rəfah əməliyyatının perspektivləri çoxu təhlükəsizlik axtarışında Qəzzanın digər bölgələrini tərk edərək oraya sığınanlar da olmaqla, orada yaşayan çox sayda fələstinli ilə əlaqədar beynəlxalq səviyyədə təşvişə səbəb olub.

"İsrail Rəfaha hücumlarını ləngidib. Onlar buna məcburdurlar və mənə gedib HƏMAS-ın qalan hissəsini məhv etməzdən əvvəl Rəfahın böyük bir hissəsini boşaltmaq imkanı verəcəklərinə söz veriblər", Bayden çərşənbə axşamı səhər NBC kanalında yayımlanan "Set Meyerslə Gecə" proqramında çıxışı zamanı deyib.

Netanyahunun ofisi bazar ertəsi İsrail ordusunun "əhalinin Qəzza zolağındakı döyüş bölgələrindən təxliyə edilməsi və qarşıdan gələn əməliyyat planlarını" hərbi kabinetə təqdim etdiyini bildirib.

Netanyahunun bazar ertəsi açıqladığı bəyanatda İsrailin fələstinliləri haraya göndərməyi planlaşdırdığına dair heç bir təfərrüat verilməyib və Misir öz sərhədlərini açmayacağını bildirib. Oktyabrın 7-də HƏMAS-ın İsraildə 1200 nəfərin ölümünə səbəb olan terror hücumundan sonra Aralıq dənizi boyunca dar bir ərazi olan Qəzzanın böyük hissəsi İsrailin kütləvi əks-hücumları zamanı darmadağın edilib.

HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaq olmaqla, Qəzzada 30 minə yaxın fələstinli öldürülüb. İsrailin hərbi kampaniyası zamanı 70 200-dən çox insan yaralanıb. İsrail 12 min HƏMAS döyüşçüsünü öldürdüyünü bildirib.

Birləşmiş Millətlər Təşkilatı mülki əhalinin Qəzzanın cənubundan köçürülməsi planından və İsrailin humanitar yardıma ehtiyacı olan insanların məskunlaşdığı əraziyə hücuma keçmə planlarından narahatlığını ifadə edib.

İsrail ordusu çərşənbə axşamı HƏMAS-ın Livandakı müttəfiqi Hizbullah militant qruplaşmasına qarşı ardıcıl ikinci gündür hava hücumu təşkil etdiyini bildirib.

Çərşənbə axşamı endirilən zərbələr Hizbullahın İsrailin şimalındakı hərbi bazasını hədəf alan və İsrail ordusunun əraziyə zərər dəymədiyini bildirən raket atəşinə cavab olaraq həyata keçirilib.

Bazar ertəsi Hizbullahın İsrailə məxsus pilotsuz təyyarəni vurması İsrailin Livanın Baalbek şəhəri yaxınlığında hava hücumlarına səbəb olub. Hizbullah iki nəfərin öldüyünü bildirib.

İsrail və HƏMAS-ın müttəfiqi Hizbullah arasında aylardır davam edən sərhədyanı döyüşlər münaqişənin bölgəyə yayılması ilə bağlı narahatlıqların artmasına gətirib çıxarıb.

Forum

XS
SM
MD
LG