Accessibility links

Baydenin nəvəsini qoruyan gizli xidmət agentləri 3 nəfər onun avtomobilinə girməyə cəhd edən zaman atəş açıb 


ABŞ-ın hüquq-mühafizə orqanının rəsmisinin Associated Press agentliyinə bildirdiyinə görə, prezident Co Baydenin nəvəsini qoruyan məxfi xidmət agentləri paytaxt Vaşinqtonda üç nəfərin Gizli Xidmət idarəsinin nişansız avtomobilinə girməyə cəhd etdiyi zaman atəş açıb.

Rəsmi deyib ki, Naomi Baydeni qorumaq üçün təyin edilmiş agentlər bazar günü gecə şəhərin Corctaun hissəsində üç nəfərin park edilmiş avtomobilin pəncərəsini sındırdıqlarını gördükdə onunla birlikdə olublar. İstintaqın təfərrüatlarını açıq müzakirə edə bilmədiyini deyən rəsmi Associated Press agentliyinə məlumatı anonimlik şərti ilə bazar ertəsi verib.

Gizli Xidmət idarəsinin açıqlamasında agentlərdən birinin atəş açdığı, lakin xəsarət alanın olmadığı deyilib. Üç nəfərin qırmızı avtomobildə hadisə yerindən qaçdığı və Gizli Xidmət idarəsinin avtomobilin axtarışı üçün şəhər polisinə regional bülleten göndərdiyi bildirilib.

Vaşinqtonda bu il avtomobil qaçırma və avtomobil oğurluqlarının sayında əhəmiyyətli artım müşahidə olunub. Polis bu il şəhərdə 750-dən çox avtomobil qaçırma və 6000-dən çox maşın oğurluğu haqqında məlumatın olduğunu bildirib.

ABŞ Nümayəndələr Palatasında Texas ştatından nümayəndə Henri Kuellarin avtomobili keçən ay Kapitoli binası yaxınlığında üç silahlı tərəfindən qaçırılıb, lakin ona fiziki xəsarət yetirilməyib.

Bu il Vaşinqtonda ağır cinayətlərin sayı da keçən illə müqayisədə 40%-dən çox artıb. Fevral ayında ABŞ-ın Minnesota ştatının nümayəndəsi Anci Kreq yaşadığı binada hücuma məruz qalıb, lakin ciddi xəsarət almayıb.

Forum

XS
SM
MD
LG