Accessibility links

Bayden Trampı debata çağırıb, Tramp təklifi qəbul edib


Donald Tramp və Co Baydenin 2020-ci il seçki kampaniya dövründə keçirilən debatı.
Donald Tramp və Co Baydenin 2020-ci il seçki kampaniya dövründə keçirilən debatı.

ABŞ prezidenti Co Bayden çərşənbə günü bildirib ki, bu ilin 5 noyabr tarixində keçiriləcək prezident seçkilərindən öncə sabiq prezident və Respublikaçılar partiyasının ehtimal olunan namizədi Donald Trampla debata çıxmağa hazırdır. O, Trampı iyun və sentyabr aylarında iki teledebatda iştirak etməyə dəvət edib.

Tramp özünün sosial media platforması olan Truth-da təklifi qəbul etdiyini yazıb. Eyni zamanda sabiq prezident daha çox debatların keçirilməsini tövsiyə edib.

Bu, Baydenin seçki qərargahının debat qaydaları, aparıcıları və moderatorları ilə bağlı iki kampaniya arasında danışıqlarda ilk rəsmi təklifi idi.

"Donald Tramp 2020-ci ildə iki dəfə mənimlə debatları uduzdu. O vaxtdan artıq onu debatlarda görmürük" – deyə, Bayden X sosial media platformasında yayımladığı videomüraciətdə bildirib. "İndi o, mənimlə yenidən müzakirələr aparmaq istəyirmiş kimi davranır. Məni sevindir, dostum. Mən hətta bunu iki dəfə etməyə hazıram", Bayden qeyd edib.

Tramp Baydeni indiyə qədər qarşılaşdığı “ən pis debatçı” adlandırıb.

"Mən fırıldaqçı Co ilə iyun və sentyabr aylarında təklif olunan iki debat keçirməyə hazıram. Mən ikidən çox debat keçirməyi və daha çox inandırıcı olmaq üçün bunu çox böyük auditoriya qarşısında keçirməyi şiddətlə tövsiyə edərdim. Ancaq Bayden sanki izdihamdan qorxur, çünki, onun üçün heç kim gəlmir", Tramp bildirib.

Respublikaçıların seçkiqabağı yarışında rəqibləri ilə debat keçirməkdən imtina edən Tramp, son həftələrdə Baydenə meydan oxuyaraq, hazırkı prezidentlə "istənilən vaxt, istənilən yerdə" debat keçirməyi təklif edib.

Videoçarxda Bayden Trampın hüquqi problemlərini tənqid edərək, Trampın Nyu Yorkda iştirak etməli olduğu "gizli ödənişlər" məhkəməsinin həftədə yalnız bir dəfə - çərşənbə günü keçirilməməsini xatırladıb.

"Gəl günləri seçək, Donald. Çərşənbə günləri boş olduğunu eşitdim", Bayden deyib.

Bayden 1988-ci ildən bəri prezidentlik debatları keçirən bitərəf Prezident Debatları Komissiyasının ev sahibliyi etdiyi ənənəvi televiziya debatlarından imtina edib.

Komissiyaya göndərdiyi məktubda Bayden kampaniyasının sədri Cennifer O'Malli Dillon komissiyaya bildirmişdi ki, Bayden 16 sentyabr, 1 oktyabr və 9 oktyabr tarixlərinə planlaşdırılan üç kampaniya debatında iştirak etməyəcək.

Bayden kampaniyası müzakirələrin komissiyanın təklif etdiyi tarixdən xeyli tez başlamasını istəyir ki, seçicilər sentyabrda erkən səsvermə başlamazdan əvvəl iki namizədi görə bilsinlər. Çərşənbə günü Bayden CNN-in 27 iyun debatına dəvətini qəbul etdiyini bildirib.

Bayden kampaniyası debatın tamaşaçılar, o cümlədən prezidentliyə namizəd olan Robert Kennedi və digər müstəqillər və ya digər partiya namizədlərinin iştirakı olmadan yalnız iki namizəd və bir moderatorun iştirakı ilə keçirilməsini istəyir.

Format və ya mövzu seçimləri ilə bağlı suala Bayden və vitse-prezident Kamala Harris kampaniyasının sözçüsü Maykl Tayler, moderatorların seçimi də daxil olmaqla, detalların hələ də işləndiyini qeyd edib.

“Biz əmin olmaq istəyirik ki, müzakirələr Amerika xalqını narahat edən məsələlərə toxunsun”.

Forum

XS
SM
MD
LG