Accessibility links

Co Bayden: Ölkəmizdə islamofobiyaya yer yoxdur


Cümə günü, martın 15-də iki il əvvəl BMT tərəfindən təsis edilən "İslamofobiyaya Qarşı Beynəlxalq Mübarizə Günü" münasibəti ilə çıxış edən ABŞ prezidenti Co Bayden beş il əvvəl bu gün Yeni Zelandiyanın Kraystçörç şəhərindəki Əl-Nur məscidi və Linvud İslam Mərkəzində dindarlara qarşı 51 nəfərin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən terror aktını da xatırlayıb.

Bayden "Bu gün İslamofobiyaya Qarşı Beynəlxalq Mübarizə Günündə biz dinc dua zamanı bizdən alınan bu günahsız ruhları xatırlayırıq" deyib.

Prezident vurğulayıb ki, "Dünya boyu müsəlmanlar dini inanclarına görə tez-tez nifrət və zorakılıqla üzləşiblər” və indi buna “Qəzza zolağında baş verən hadisələrin səbəb olduğu islamofobiyanın iyrənc dirçəlişi" əlavə olunub.

"Mən bunu dəfələrlə demişəm, ölkəmizdə islamafobiyaya yer yoxdur" deyən Co Bayden əlavə edib ki, ABŞ-da dini ayrı-seçkiliyə əsaslanan nifrət hələ də mövcud olduğu üçün, "2022-ci ildə administrasiya anti-semitizm, islamafobiya nə onlarla əlaqədar qərəz və ayrı-seçkilik formalarına qarşı mübarizə üçün idarələrarası siyasət komitəsi yaradıb."

Bundan əlavə, ABŞ prezidenti bildirib ki, "ABŞ tarixində ilk dəfə İslamofobiya və "onunla əlaqədar qərəz və ayrı-seçkiliyin əlaqə formaları" ilə mübarizə üzrə Milli Strategiya "inkişaf mərhələsindədir" və bunun məqsədi "müsəlman, sikx, Cənubi Asiya və Ərəb-Amerika icmalarına qarşı hər cür nifrət, ayrı-seçkilik və qərəzli münasibətə qarşı çıxmaq üçün bütün cəmiyyətin səylərini səfərbər etmək," və "onların irsi və ölkəmizə əvəzsiz töhfələri haqqında maarifləndirməni artırmaqdır".

Bayden həmçinin qeyd edib ki, "bu gün milyonlarla insan müqəddəs Ramazan ayını qeyd etdiyi bir vaxt, ABŞ rəsmiləri məscidlərin və digər ibadət yerlərinin təhlükəsizliyini gücləndirmə yolunda işlər aparır".

Prezidentin bəyanatında həmçinin deyilib ki, Ağ Ev administrasiyası "cəmiyyətdə anti-semitizm əhval-ruhiyyəsinin ciddi şəkildə artması fonunda anti-semitizmlə mübarizə üzrə milli strategiyanın həyata keçirilməsini davam etdirir".

Forum

XS
SM
MD
LG