Accessibility links

Bayden ABŞ ordusuna Qəzzada liman tikməsinə göstəriş verib


Prezident Co Bayden cümə axşamı illik hesabat məruzəsi zamanı İsrailin HƏMAS-a qarşı hərbi kampaniyasından əziyyət çəkən fələstinlilərə lazımi yardımın çatdırılmasını asanlaşdırmaq üçün ABŞ ordusuna Qəzzada liman tikməsinə göstəriş verdiyini elan edəcək.

Yüksək səviyyəli administrasiya rəsmisinin cümə axşamı jurnalistlərə bildirdiyinə görə, bu limanın əsas xüsusiyyəti hər gün yüzlərlə əlavə yardımla dolu yük maşınının daşıma qabiliyyətini təmin edəcək müvəqqəti estakadadır. O, ilkin yardımın ABŞ ordusu və müttəfiqlərin dəstəyi ilə Kiprdən keçəcəyini deyib.

O, "Biz quruda təhlükəsizlik tələbləri ilə bağlı məsələləri israillilərlə koordinasiya edəcəyik və Qəzzada yardımın paylanmasında BMT və qeyri-hökumət təşkilatları ilə işləyəcəyik. Bu yeni əhəmiyyətli imkanın planlaşdırılması və icrası bir neçə həftə çəkəcək. Bu missiyanı yerinə yetirmək üçün tələb olunacaq qüvvələr ya artıq bölgədədir, ya da tezliklə oraya yola düşəcək" deyib.

Rəsmi bildirib ki, Qəzzada Amerika əsgərləri olmayacaq. Bunun əvəzində ABŞ ordusu dənizdən obyektlər yaratmaq üçün "unikal imkanlarından" istifadə edəcək.

"Planlaşdırılan konsepsiya ABŞ hərbçilərinin dənizdə hərbi gəmilərdə olmasını nəzərdə tutsa da, bu, humanitar yardımın sahilə daşınmasına imkan verəcək körpü və ya keçid qurğusunu quraşdırmaq üçün ABŞ hərbçilərinin sahilə çıxmasını tələb etmir" - deyə, rəsmi bildirib.

Keçən həftə Bayden ABŞ ordusuna yardımı havadan göndərmək üçün digər ölkələrə qoşulmasına göstəriş verib. Fələstinlilər yardım konvoyunun atdığı ərzağı götürmək istədiyi zaman İsrail əsgərlərinin atəş açması "Şimali Qəzzada faciəli və həyəcanverici hadisə" ilə nəticələnib. Xaos zamanı 100-dən çox insan ölüb.

Rəsmilər Baydenin Konqresə müraciətində HƏMAS-ın saxladığı israilli girovların vəziyyətini işıqlandıracağını və müsəlmanların bu həftə sonu başlayacaq Ramazan ayından əvvəl müvəqqəti atəşkəs razılaşmasına təkan verəcəyini bildirib.

Administrasiyanın dediyinə görə, razılaşmanın müqəddəratı ABŞ-ın terrorçu kimi tanıdığı qruplaşmanın əlindədir.

Forum

XS
SM
MD
LG