ABŞ Prezidenti Co Bayden çərşənbə günü Ağ Evdə keçirilən ilin ilk mətbuat konfransında Rusiyanın Ukraynaya mümkün müdaxiləsi barədə danışıb.
“Mən onun daxil olacağını düşünürəm – o nə isə etməlidir,” Bayden Putinə istinad edərək söyləyib. O xəbərdarlıq edib ki, bu cür işğal ən sərt tədbirlərlə qarşılanacaq. “O, hərbi müdaxilə etdiyi təqdirdə mənim tətbiq etməyə söz verdiyim kimi sanksiyaları daha öncə görməyib,” Bayden bildirib.
“Mən bunun nəzarətdən çıxacağından narahatam” – deyə, Bayden Moskva və Ukrayna ilə sərhəd bölüşən NATO ölkələri arasında mümkün qarşıdurma ilə bağlı söyləyib.
Çərşənbə günü Amerikanın Səsinə müsahibə verən Dövlət Katibi Antoni Blinken administrasiyanın mesajını vurğulayıb.
“Biz həmçinin açıq şəkildə bildirmişik ki, əgər Rusiya yenidən Ukraynaya təcavüz etməyi seçsə, biz - və təkcə Birləşmiş Ştatlar deyil, Avropa boyu bir çox ölkələr və hətta digərləri - buna güclü və qətiyyətli şəkildə və üç yolla cavab verəcəyik,” Kyivdə Ukrayna liderləri ilə görüş keçirən Blinken deyib.
Lakin bəzi təhlilçilər deyib ki, Bayden Putinə çox güzəştə gedib.
“O daha öncə görülməmiş sanksiyalardan bəhs edir, ama biz hələ də sanksiyaların Kremlin hesablamalarını dəyişdiyini görmürük,” Brett Bruen Amerikanın Səsinə bildirib. Bruen Obama administrasiyasının qlobal münasibətlər üzrə direktoru olub və hazırda Global Situation Room konsaltinq şirkətinin prezidentidir.
Bayden Rusiyanın Ukraynanın bir gün NATO-ya qoşulmaq ehtimalı ilə bağlı narahatlığından irəli gələn münaqişəni nəzarətə almağın vacibliyini vurğulayıb.
Ancaq Bruen deyib ki, prezident NATO ittifaqındakı fikir ayrılıqları və şübhələrlə bağlı çox açıq danışıb.
“Bu təəssüf doğurur və təkcə Rusiyanın xeyrinədir,” o əlavə edib.
Bayden Putinin Ukraynanı işğal etməklə bağlı bir qərar vermədiyini düşündüyünü və ona diplomatik yolu təklif etməyə davam etdiyini bildirib.
“Ümid edirəm ki, Vladimir Putin başa düşür ki, tam-miqyaslı nüvə müharibəsi istisna olmaqla, o, dünyaya hökmranlıq etmək durumunda deyil,” o deyib.
İran məsələsində Bayden deyib ki, onun administrasiyası İran nüvə razılığını bərpa etmək üçün Vyanada diplomatik danışıqları davam etməyi planlaşdırır.
“İndi vaz keçmək vaxtı deyil,” o deyib və danışıqlarda irəliləyişin olduğunu iddia edib. Prezident Donald Trampın ABŞ-ı 2018-ci ildə Tehranın nüvə silahları proqramını məhdudlaşdırmaq üçün 2015-ci ildə imzalanan razılıqdan geri çəkməsindən sonra Bayden administrasiyası aylardır İranla razılıq əldə etməyə çalışır.
Çinlə bağlı da danışan Bayden deyib ki, o, indi Tramp administrasiyası dövründə Çin mallarına tətbiq olunan tarifləri qaldırmaq üçün doğru zamanın olduğunu düşünmədiyini bildirib.
Birinci ildönümü
Vəzifədəki birinci ildönümü ərəfəsində mətbuat konfransı keçirən Bayden iki saat boyunca ölkədaxili məsələlər, o cümlədən iqtisadiyyatın bərpasını ləngidən inflyasiya və COVID-19 pandemiyası ilə mübarizə aparmaq məqsədilə tətbiq olunan yeni sağlamlıq protokolları ilə bağlı çaşqınlığa dair sualları cavablandırıb. Bu, onun 2022-ci ildə keçirdiyi ilk, vəzifəsinin icrasına başlayandan bəri isə doqquzuncu mətbuat konfransıdır.
Bayden jurnalistlərin seçki kampaniyası zamanı pandemiyanı nəzarətə almaq və Amerika iqtisadiyyatını bərpa etmək vədi ilə bağlı həddindən artıq böyük sözlər verib-vermədiyinə dair suallarına cavab olaraq,
“Mən həddindən artıq böyük söz vermədim. Amma mümkündür hər kəsin gözlədiyindən daha çox iş gördüm. Siz bizim böyük irəliləyiş əldə etdiyimizi qəbul etməlisiniz,” deyib.
Mətbuat konfransından öncə Senatın baş Respublikaçısı Mitç Makkonnel Baydenin gördüyü işləri tənqid edib.
“Prezident Bayden bir il öncə vəzifəsinin icrasına başlayandan bəri son qırx ilin ən pis inflyasiyası baş verir, cinayətlər rekord səviyyədə artıb, o, COVID-ə son qoya və cənub sərhəddəki böhranı həll edə bilməyib, Əfqanıstandan qoşunların fəlakətli və rüsvayçı şəkildə çıxarılmasına göstəriş verib.”
Bayden pandemiyanı nəzarət altına almaq üçün addımlar atmağa söz verib və amerikalıların məyusluq hissi keçirdiklərini bildiyini deyib.
“Daha öncə daha çox test etməliydikmi? Bəli. Amma indi daha çox edirik,” deyə, o, administrasiyasının COVID-19 testlərini əlçatan etmək səylərinə istinadən söyləyib.
Bayden sosial təhlükəsizlik və iqlim dəyişikliyini əhatə edən 1.9 trilyon dollarlıq Build Back Better paketinin hazırkı formasının Konresdə təsdiq oluna bilməyəcəyini etiraf edib.
“Məncə biz onu hissələrə bölüb, mümkün olduğu qədər çox hissəsini indi təsdiq edib, digər hissələri uğrunda mübarizəni daha sonra davam etdirə bilərik,” o deyib.
Bayden qanun layihəsi ilə bağlı irəliləyişin olmamasına görə Respublikaçılar Partiyasının törətdiyi maneələri günahlandırıb.