Accessibility links

Bayden: Rusiya Ukraynaya təcavüzünün bədəlini ödəməlidir


ABŞ prezidenti Co Bayden bazar ertəsi deyib ki, Rusiya prezidenti Vladimir Putin “Ukraynadakı barbarlığının bədəlini ödəməlidir”.

Yaponiyaya səfəri zamanı Bayden Rusiyaya uzunmüddətli sanksiya cəzaları ilə mesaj göndərilməsinin vacibliyini qeyd edib.

“Əgər əslində, onun bütün etdiklərindən sonra ukraynalılarla Rusiya arasında yaxınlaşma olarsa və sanksiyalar bir çox cəhətdən davam etdirilməzsə, o zaman bu Çinə Tayvanı zorla ələ keçirməyə cəhd barədə hansı siqnalı verir?” – deyə, Bayden sual edib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi Rusiyaya təzyiqi artırmağa çağırıb. O, Dünya İqtisadi Forumuna virtual müraciətində deyib ki, Rusiya neftinə embarqo qoyulmalı, Rusiya bankları bloklanmalı və Rusiya ilə bütün ticarətə son qoyulmalıdır.

“Sanksiyalar belə olmalıdır: Onlar maksimum olmalıdır ki, Rusiya və ya qonşusuna qarşı amansız müharibə aparmaq istəyən hər bir potensial təcavüzkar öz hərəkətlərinin dərhal nəticələrini aydın bilsin” - deyə Zelenski tərcüməçi vasitəsilə bildirib.

Onun sözlərinə görə, bu cür sanksiyalar üç ay əvvəl tətbiq olunsaydı, bunun nəticəsi “on minlərlə insanın həyatını xilas etmək olardı”.

Zelenski konfransda deyib ki, dünya dönüş nöqtəsi ərəfəsindədir.

“Bu, həqiqətən də, zorakı qüvvənin dünyanı idarə edib-etməyəcəyinə qərar verildiyi andır”– deyə, Zelenski qeyd edib.

Bundan biir neçə saat əvvəl Ukraynanın Rusiya ilə danışıqlarda əsas müzakirəçisi və Zelenskinin müşaviri Mixaylo Podolyak Avropaya Rusiya neftinin idxalı məsələsini vurğulayaraq, bunun hər gün təxminən 1 milyard dollar təşkil etdiyini bildirib.

“Rusiya uşaqları öldürməyə, qadınları zorlamağa və şəhərləri dağıtmağa davam edir" – deyə, Podolyak Twitter hesabında yazıb. “Ukrayna Avropa sərhədlərini və demokratik sivilizasiyanı müdafiə etməyə davam edir. Nəticə çıxarın” – deyə, o əlavə edib.

Avropa İttifaqı liderləri Rusiya neftinə qadağa qoyulmasını təklif ediblər, lakin bir sıra üzv ölkələrin böyük asılılığı indiyədək bu səyləri əngəlləyib.

Rusiya ordusu səylərini Ukraynanın şərqində, Luhansk və Donetsk ərazilərinin daxil olduğu Donbas reguonunda və Ukraynanın cənubunda bəzi bölgələrdə cəmləşdirir.

Luhansk qubernatoru Serhiy Qayday Severodonetsk şəhərində Rusiya qüvvələrini “şəhəri qəsdən dağıtmağa cəhd etməkdə” ittiham edib.

Ukrayna məhkəməsi bazar ertəsi ölkənin şimal-şərqindəki Sumı kəndində ukraynalı mülki vətəndaşı öldürməkdə təqsirli bilinən rus əsgərini ömürlük həbsə məhkum edib.

21 yaşlı əsgər günahını boynuna alıb və məhkəməyə bir zabit tərəfindən adamı güllələmək əmri aldıqdan sonra hərəkət etdiyini deyib.

Rusiya mülki insanların hədəf alındığını inkar edib. Kremlin sözçüsü bazar ertəsi hökmdən əvvəl Rusiyanın məhkəmə ilə bağlı narahat olduğunu və onun “maraqlarını şəxsən müdafiə etmək imkanına” malik olmadığını bildirib.

XS
SM
MD
LG