Accessibility links

Bayden: Rusiyanın taktiki nüvə silahından istifadəsi çox ciddi səhv olar


ABŞ Prezidenti Co Bayden Rusiyaya Ukraynaya qarşı müharibədə çirkli bomba və ya hər hansı digər nüvə silahından istifadə etməməsi ilə bağlı sərt xəbərdarlıq edib.

Çərşənbə axşamı müxbirin Rusiyanın "yalançı bayraq əməliyyatı" təşkil edib-etmədiyini soruşduqda, Bayden "Rusiya taktiki nüvə silahından istifadə edərsə, inanılmaz dərəcədə ciddi səhv edər" deyib.

"Mən sizə hələ ki, bunun yalan əməliyyat olduğuna zəmanət verə bilmirəm. Bunu bilmirəm. Lakin bu, ciddi, ciddi səhv olardı" - deyə, o bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın çərşənbə axşamı bildirdiyinə görə, narahatlığa əsas var, çünki Rusiya "son nəticədə özünün planlaşdırdığında başqalarını ittiham etmək nümunəsini nümayiş etdirib". Bazar ertəsi Prays Moskvanın bu cür silahlardan istifadə etməsinin "nəticələrinin dərin" olacağı barədə xəbərdarlıq edib.

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Vasili Nebenzya bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına Amerikanın Səsin də gördüyü məktubunda Rusiyanın "Kyiv rejiminin çirkli bombadan istifadəsini nüvə terrorizmi aktı kimi qiymətləndirəcəyini" bildirib.

Ukrayna Moskvanın onun öz ərazisində çirkli bomba partlatmağı planlaşdırması ilə bağlı iddialarını qəti şəkildə rədd edib və öz növbəsində Rusiyanı Ukraynada gərginliyin artması üçün nüvə materialı ilə örtülmüş bombadan istifadə etmək planında ittiham edib.

BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı bağlı qapılar arxasında keçirilən iclasda iddiaları müzakirə edib.

Britaniyanın BMT-dəki səfirinin müavini Ceyms Kariuki jurnalistlərə "biz bu şəxsi görüşdə heç bir yeni sübut görmədik və eşitmədik" deyib.

"Britaniya, Fransa və ABŞ nazirləri açıq şəkildə bildiriblər ki, bu, Rusiya Federasiyasından eşidilən yalan iddialardır. Ukrayna gizlədə biləcəyi heç nəyi olmadığını bildirib. Nüvə Agentliyinin müfəttişləri yoldadır" - deyə, Kariuki bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq bazar ertəsi NATO müttəfiqlərinin Rusiyanın Ukraynanın öz ərazisində çirkli bomba istifadə etməyə hazırlaşdığına dair iddialarını rədd etdiyini bildirib və əlavə edib ki, "Rusiya bundan gərginlik üçün bəhanə kimi istifadə etməməlidir".

Bu arada Rusiyanın nüvə, bioloji və kimyəvi silahlardan mühafizə qoşunlarının rəhbəri, general-leytenant İqor Kirillov mətbuata verdiyi brifinqdə bildirib ki, Rusiya qüvvələri "radioaktiv çirklənmə şəraitində işləməyə hazırlaşır".

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi Ukraynanın nüvə məntəqələrində "qeydə alınmamış heç bir nüvə fəaliyyətinə və ya materiala rast gəlinmədiyini" təsdiqləyib.

XS
SM
MD
LG