ABŞ prezidenti Co Bayden cümə günü Maliyyə Nazirliyinə Rusiyanın müdafiə sənayesini gücləndirmək səylərini asanlaşdıran maliyyə institutlarını hədəf almaq səlahiyyəti verən sərəncam imzalayıb.
Yeni sanksiya tətbiq etmək səlahiyyəti Ukraynada 22 ay davam edən döyüşlərdən sonra Kremlin Rusiya ordusunun tükənmiş arsenalını bərpa etmək səylərini zəiflətmək məqsədi daşıyır. ABŞ-ın qiymətləndirməsinə görə, Rusiya artıq tanklar, dronlar və raket sistemləri də daxil olmaqla, 13 mindən çox hərbi texnika itirib.
Sərəncam həmçinin ABŞ agentliklərinin nəzərdən keçirməsindən sonra Rusiyadan idxal edilən brilyant və dəniz məhsullarına mövcud məhdudiyyətləri sərtləşdirməyi nəzərdə tutur.
Maliyyə naziri Canet Yellen sərəncamı açıqlayarkən "Biz maliyyə institutlarının bilərəkdən və ya bilməyərəkdən yayınmalara yardımçı olmamaları üçün hər cür səy göstərəcəklərini gözləyirik. Və biz bu hökumətin təqdim etdiyi yeni vasitələrdən istifadə edərək, Rusiyanın müharibə maşının təchiz etməyə yardım edən maliyyə institutlarına qarşı qəti və kəskin tədbirlər görməkdən çəkinməyəcəyik" deyib.
Rusiyaya təzyiqi artırmaq üçün son səylər Bayden və "Böyük Yeddilər" (G7) liderlərinin Ukraynaya dəstəyi müzakirə etmək üçün virtual olaraq görüşündən bir neçə həftə sonraya təsadüf edib. Belə ki, Vaşinqtonda sonu görünməyən müharibədə Kyivi dəstəkləməyin baha başa gəlməsilə bağlı narazılıqlar artır.
Ağ Ev Ukraynaya daha çox pul ayrılmasının təsdiqlənməsi üçün əsas qanunvericilərlə danışıqlar aparır. Bayden Ukrayna, İsrail və digər milli təhlükəsizlik prioritetləri üçün 110 milyard dollarlıq yardım paketi təklif edib. Respublikaçı millət vəkilləri Ağ Ev miqrasiya və ABŞ-Meksika sərhədi siyasətində dəyişikliklərlə razılaşana qədər paketi təsdiqləməkdən imtina edib. Müdafiə Nazirliyi isə Ukraynanı dəstəkləmək üçün mövcud vəsaitinin, demək olar ki, tükəndiyini bildirib.
"Böyük Yeddilər"in liderləri dekabrın 6-da keçirilən görüşdən sonra verdikləri bəyanatda Rusiyanın Ukraynadakı müharibəsini davam etdirmək üçün beynəlxalq maliyyə sistemindən istifadəsini məhdudlaşdırmağa çalışacaqlarını və "Rusiya hərbi təchizat şəbəkələrini, Rusiyaya dəzgahlar və vacib avadanlıqlar əldə etməyə yardım edənləri hədəfə alacaqlarını" bildiriblər.
Rusiyanın müdafiə xərcləri 2023-cü ilin birinci yarısında demək olar ki, 75% artıb və Rusiya gələn il rekord hərbi xərclərə doğru gedir.
Forum