Accessibility links

Bayden və Tramp partiyalarından nominasiyanı təmin edib


Donald Tramp və Co Bayden.
Donald Tramp və Co Bayden.

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı gecə Dempkratların güman edilən namizədi oldu, sabiq prezident Donald Tramp isə Respublikaçılar partiyasından nominasiyanı qazanmaq üçün tələb olunan deleqatları təmin etdi. Bu da onların noyabrda keçiriləcək seçkidə 2020-ci ildə olduğu kimi rəqib olacaqları deməkdir.

Həm Tramp həm də Bayden çərşənbə axşamı Corciya, Mississippi və Vaşinqton ştatlarında ilkin səsvermədə qalib gələrək, müvafiq partiyalarından nominasiya üçün kifayət qədər nümayəndə qazanıb.

Bayden çərşənbə axşamı keçirilən səsverməyə qədər rəsmi olaraq Demokratların gözlənilən namizədi olmaq üçün tələb olunan 1968 deleqatdan 102 daha az deleqat var idi, Trampın isə Respublikaçılar partiyasından nominasiyanı qazanmaq üçün lazım olan 1215 nümayəndədən 137 nümayəndə çatışmazlığı vardı.

Bayden Demokratların namizədi olmaq üçün simvolik rəqabətlə üzləşirdi.

Bu arada isə Tramp praymerizlərdə bir neçə Respublikaçını, o cümlədən sabiq BMT səfiri Nikki Heyli və Florida qubernatoru Ron DeSantisi məğlub edib. Digər namizədlər, o cümlədən, Trampın sabiq vitse-prezidenti Mayk Pens Trampın Respublikaçı seçicilər arasında açıq-aydın üstünlüyü fonunda aylar öncə namizədliyini geri çəkib.

Hər iki namizəd, partiyalarının rəsmi nominasiyaları olmadan belə, seçkidən səkkiz ay öncə tam seçki kampaniyası əhvalındadır.

Bayden ötən həftə illik hesabat məruzəsində Trampın adını çəkmədən, 13 dəfə “sələfi”ni tənqid edib, və Trampın ikinci prezidentlik dövrünün necə görünəcəyinə dair distopik bir mənzərə yaradıb.

Tramp 81 yaşlı Baydenin yaşını lağa qoyub, baxmayaraq ki, özü sadəcə olaraq dörd yaş balacadır.

“Mən onun namizəd olacağını güman edirəm”. “Mən onun yeganə rəqibiyəm, həyatın özündən başqa,” Tramp bazar ertəsi CNBC-də deyib.

Erkən rəy sorğularının əksəriyyəti Trampın cüzi fərqlə Baydendən öndə olduğunu göstərir və seçkidə mühüm rol oynayan ştatlardakı rəy sorğuları da noybarın 5-d keçiriləcək ümummilli səsvermənin nəticəsini müəyyən edə bilər. Ancaq Tramp 91 ittiham üzvə dörd cinayət işi ilə üzləşir və onlardan birinin martın 25-də başlaması gözlənilir.

Digər məhkəmə işlərdən hər hansı birinin seçkidən əvvəl baş tutub-tutmayacağı qeyri-müəyyəndir, lakin bəzi sorğu iştirakçıları Trampın ittihamlardan hər hansı birinə görə təqsirli bilinəcəyi təqdirdə ona səs verməyəcəklərini bildiriblər.

ABŞ-da prezident xalqın səsverməsi ilə seçilmir. Bunun yerinə namizədlər ayrı-ayrı ştatlarda səsvermənin nəticələrinə əsasən formalaşan Seçki Kollegiyasının üzvlərinin əksər səslərini almağa çalışır.

Bİr neçə istisna olmaqla, hər ştatda keçirilən səsvermənin qalibi həmin ştat üzrə Seçki Kollegiyasındakı bütün səsləri qazanır. Ştatda əhalinin sayı nə qədər çoxdursa, həmin ştatda qalib gələn namizəd Seçki Kollegiyasında daha çox səs alır.

Forum

XS
SM
MD
LG