Accessibility links

Bayden və Tramp daxili siyasət məsələlərində fərqli fikirlərə malikdirlər


Donald Tramp və Co Bayden
Donald Tramp və Co Bayden

ABŞ Prezidenti Co Bayden - Demokratlar partiyasından 2024-cü il prezidentliyə namizəd - və sabiq Prezident Donald Tramp - Respublikaçılar Partiyasının gözlənilən namizədi - bir sıra xarici və daxili məsələlərdə fərqli baxışlara sahibdirlər.

Reproduktiv hüquqlar

Bayden: Ağ Evin 7 mart 2024-cü il tarixində yaydığı məlumat vərəqəsinə əsasən, Bayden administrasiyası aborta çıxışı qoruyub: Buna Federal Dərman Administrasiyası tərəfindən təsdiqlənmiş abort dərmanı daxildir; təcili tibbi yardım almaq imkanını müdafiə edib; reproduktiv sağlamlıq üçün səfər etmək imkanını dəstəkləyib; yüksək-keyfiyyətli, əlverişli kontrasepsiyaya çıxışı gücləndirib; pasient və səhiyyə işçilərinin məxfiliyini mühafizə edib və dəqiq məlumat və hüquqi resurslara çıxışı təmin edib.

26 mart 2024 tarixində Bayden “Amerika mənə Demokrat bir Konqres göndərsə, mən sizə söz verirəm ki, Kamala və mən Roe v. Wade-i ölkənin qanunu olaraq bərpa edəcəyik” deyib. O həmçinin 8 martda xəbərdarlıq edib ki, “ştatlar həkimləri kriminallaşdırır, təcavüz və insest qurbanlarını abort üçün ştatlarını tərk etməyə məcbur edir. İndi də MAGA Respublikaçıları və Donald Tramp seçmək hüququna ümummilli qadağa tətbiq etmək istəyirlər, nöqtə. Dostlar, buna ciddi yanaşın, çünki onlar buna doğru irəliləyir. Məni açıq-aydın dinləyin. Mənin idarəm altına bu baş verməyəcək.”

Tramp: Trampın prezidentliyi dövründə Ali Məhkəməyə təyin etdiyi üç hakim məhkəmədəki balansı dəyişib, bu da Roe vs. Wade qərarının ləğvi ilə nəticələnib və abortun qanuniləşdirilməsi haqqında qərar vermək hüququ ştatlara verilib.

Tramp 8 aprel, 2024 tarixində elan edib ki, o, abort qanunu ilə bağlı qərarın ştatların öhdəsinə buraxılmalı olduğuna inanr. O daha öncə ölkə boyu 15 həftədən sonra aborta qadağanın tətbiq edilməsini irəli sürmüş və “Belə görünür ki, 15 həftə insanların üzərində razılaşdığı bir rəqəmdir” demişdi.

İqtisadiyyat

Bayden: Bayden 5 dekabr, 2023 tarixində Bostonda etdiyi çıxışında deyib ki, iqtisadiyyata 14 milyon yeni iş yeri əlavə olunub ki, bu da hər hansı prezidentin 4 illik müddətdə yaratdığı iş yeri saylarından daha çoxdur; iqtisadi artım rekord həddədir – son rübdə 5 faizdən bir az çox olub; işsizlik son 20 aydır 4 faizdən aşağıdır və dünyanın ən böyük iqtisadiyyatları arasında ən aşağı səviyyədədir. Bayden İnflyasiyanın Azaldılması Aktı və İnfrastruktur İnvestisiyaları və İş Aktını imzalayıb ki, bu da 550 milyard dollarlıq yeni xərclərə icazə verib.

Tramp: Kampaniya vebsaytına əsasən, prezidentlik müddətində “Prezident Donald Tramp orta sinif üçün rekord vergi güzəşti edib, uşaq pulunu iki qat artırıb, əvvəlki administrasiyalarla müqayisədə iş yerlərinin kəsilmələrinə gətirib çıxaran daha çox qaydaları ləğv edib. Nəticədə real əmək haqqı artıb, orta ailə gəliri ölkəmizin tarixində ən yüksək səviyyəyə çatıb, yoxsulluq isə rekord aşağı səviyyəyə düşüb.”

İmmiqrasiya/sərhəd təhlükəsizliyi

Bayden: Prezident Bayden iki partiyanın dəstəklədiyi Senatın Sərhəd Təhlükəsizliyi Aktını dəstəkləyib ki, bu təhlükəsizlik üçün əlavə milyardlarla dollar ayıracaq və sərhəddən keçən insanların gündəlik və ya həftəlik sayı müəyyən meyarlardan yüksək olsa, ona ABŞ-Meksika sərdəhini bağlamaq imkanı verəcəkdi. Sabiq Prezident Donald Tramp Respublikaçı qanunvericilərə sərhəd təhlükəsizliyi razılığını rədd etmələri üçün təzyiq göstərib və bu, onun ABŞ Konqresindən keçməməsi ilə nəticələnib. 9 mart, 2024 tarixində Bayden “Prezident olaraq vəzifəmin ilk günündə mən immiqrasiya sistemimizi düzəltmək, sərhədimizin təhlükəsizliliyi təmin etmək, “dreamer”lər və onların ailələri, ferma işçiləri, pandemiya zamanı bizə yardım edən və icmamızın bir hissəsi olan fövqəladə işçiləri vətəndaşlığa doğru bir yolla təmin edən hərtərəfli plan təqdim etdim” deyib.

Tramp: Tramp 2024-cü ildə seçki kampaniyası zamanı ABŞ tarixində ən böyük deportasiyanı həyata keçirməyi, “federal hüquq-mühafizə orqanlarının böyük hissəsini immiqrasiya məsələləri ilə məşğul olan hüquq-mühafizə ilə dəyişməyi”və kolleclərdə HƏMAS-a rəğbət bəsləyənlərin vizalarına son qoymağı vəd edib.

Tramp kampaniya vebsaytında deyib ki, əməkdaşlıq edən ştatlarda Milli Qvardiyaya və yerli hüquq-mühafizə orqanınlarına qanunsuz miqrant olan qanqster üzvləri və cinayətkarları təcili şəkildə ölkədən çıxarmağa yardım etmək səlahiyyəti verəcək. O həmçinin Amerikada əməyi qoruyan və Amerika dəyərlərini təşviq edən xidmətə-əsaslanan immiqrasiya sistemi qurmağı vəd edib.

Tramp prezidentliyi dövründə İraq, Liviya, Suriya və Yəməndən gələn hər kəsin Birləşmiş Ştatlara daxil olmasını 90 günlüyünə, Suriya qaçqınlarının isə qeyri-müəyyən müddətə dayandıran sərəncam imzalayıb. O, ABŞ-Meksika sərhədində divarın inşasına başlayıb.

Cinayət ədaləti:

Bayden: Prezident bir neçə sərəncam imzalyaraq, Ədalət Departamentinə özəl cinayət təcridxanaları ilə müqavilələri yeniləməməyə göstəriş verib; ictimai təhlükəsizlik təşəbbüslərinə milyardlarla dollar dövlət vəsaiti yönəldib; və silahları küçələrdən yığışdırmaq üçün icma qrantlarını artırıb.

Bayden 7 mart, 2024 tarixində illik hesabat məruzəsində deyib ki, “Mən hücum silahları və yüksək tutuma malik maqazinlərə qadağa tələb edirəm. Universal tarixçə yoxlanışını qəbul edin. Mən 12 il Konstitusiyaya İkinci Düzəlişlə bağlı dərs demişəm. Bunların heç biri nə İkinci Düzəlişdəki qanunu pozur, nə də məsuliyyətli silah sahiblərini təhqir edir.”

Tramp: Tramp prezidenlik dövründə şəhərlərdə zorakı cinayətlərdəki artıma qarşı mübarizə aparmaq üçün Əfsanə Əməliyyatını başladıb ki, bu da 5500-dən çox həbslə nəticələnib. O həm də yerli polis idarələrində qanuna və qaydaya uyğun islahatları təşviq etmək üçün Təhlükəsiz İcmalar üçün Təhlükəsiz Polis sərəncamını imzalayıb.

Sabiq prezident yüz milyonlarla dollar dəyərində artıq hərbi texnikanı yerli hüquq-mühafizə orqanlarına təqdim edib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığın qarşısının alınmasına köməklik göstərmək üçün sərəncam imzalayıb və ikipartiyalı İlk Addım qanununu imzalayıb ki, bu, residivizmi azaltmaq və keçmiş məhbusların cəmiyyətə uğurla yenidən inteqrasiya etmələrinə kömək etmək üçün qəbul edilmiş ilk mühüm cinayət ədliyyə islahatı qanunvericiliyidir.

Tramp bu il seçki kampaniyası zamanı sənədsiz immiqrantlar tərəfidən törədilən cinayətlərə qarşı mübarizə aparacağını deyib.

İqlim/enerji hasilatı

Bayden: Demokrat prezident yenidən Paris iqlim razılığına qoşulub və təmiz enerji, elektik maşınlar və ətraf-mühit ədalətinə milyonlarla dollar sərmayə qoyan İnflasiyanın Azaldılması Aktını imzalayıb. Onun administrasiyası həmçinin emissiyaları 2030-ci ilədək ən azı 50 faiz azaltmaq məqsədinə çatıb və super çirkləndiricilərlə mübarizə aparan Qlobal Metan Vədini başladan liderlər arasında olub.

Tramp: Tramp prezidentliyi dövründə Paris iqlim sazişindən geri çəkilib və Yer kürəsinin temperaturunun “soyumağa” başlayacağını iddia edib. Trampın təyin etdiyi rəsmilər fossil yanacaq razılıqlarını ləğv edib, kömürlə işləyən elektrik stansiyalarını açıq saxlayıb və təmiz hava standartlarına razılıq verən avtomobil istehsalçılarına qarşı antiinhisar araşdırması başladıb.

“Prezident Tramp yerli enerji ehtiyatlarının istehsalını işə salacaq, benzin, dizel və təbii qazın artan qiymətini aşağı salacaq, dünya boyu dostlarımızın enerji təhlükəsizliyini təşviq edəcək, sosialist Yaşıl Yeni Sövdələşməni aradan qaldıracaq və Birləşmiş Ştatların bir daha heç vaxt xarici enerji tədarükçüsündən asılı olmayacağından əmin olacaq” - deyə onun kampaniyasının internet səhifəsində yazılıb.

Forum

XS
SM
MD
LG