Accessibility links

Bayden: Ukraynaya daha 5 hava hücumundan müdafiə sistemi təqdim ediləcək


Ukrayna suveren ərazisini qorumaq üçün beş əlavə hava hücumundan müdafiə sistemi, o cümlədən ABŞ, Almaniya və Rumıniyadan üç əlavə Patriot batareyası alacaq.

ABŞ Prezidenti Co Bayden beş sistem haqda məlumatı NATO üzvlərinin Vaşinqtonda keçirilən sammit zamanı alyansın 75-ci ildönümünü qeyd edərkən açıqlayıb.

Müttəfiqlər yubileyi 1949-cu ildə müdafiə blokunu quran Şimali Atlantika müqaviləsinin ilkin imzalandığı yerdə, "Mellon Auditorium"unda qeyd edib.

Sammitin gündəmindəki əsas məsələ Ukraynanın Rusiyanın qanunsuz işğalına qarşı mübarizəsinə dəstək olub.

Çərşənbə axşamı ABŞ, Almaniya, Niderland, Rumıniya və Ukrayna liderlərinin birgə bəyanatında Niderland və digər tərəfdaşların Ukraynaya dördüncü "Patriot" batareyası üçün komponentlər, İtaliyanın isə əlavə "SAMP-T" sistemi verəcəyi deyilib.

Ukrayna prezidenti Volodimir Zelenski aprel ayında NATO üzvlərinə Ukraynanın Rusiyanın hava zərbələrinə qarşı minimum yeddi “Patriot” və ya digər yüksək səviyyəli hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu bildirib.

NATO müttəfiqləri bu sistemləri mümkün qədər tez istifadəyə vermək üçün Kyivlə sıx əməkdaşlıq etdiklərini deyir. Onlar həmçinin bildiriblər ki, bu ilin sonunda Ukraynaya əlavə strateji hava hücumundan müdafiə sistemləri haqqında daha bir açıqlama verməyə çalışır.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı “Hətta Ukraynaya dəstəyimiz belə kifayət qədər olmayıb. Reallıq ondan ibarətdir ki, aqressiv Rusiya qonşudursa, xərcsiz heç bir seçim yoxdur. Müharibə risksiz ola bilməz və unutmayın ki, Rusiyanın Ukraynaya qalib gəlməsi ən böyük xərc və ən böyük risk olacaq” deyib.

İki ABŞ rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, Konqres aylarla davam edən gecikmələrdən sonra Ukraynaya yeni yardım paketini təsdiqlədikdən sonra Birləşmiş Ştatlar çərşənbə axşamı elan edilən əlavə "Patriot" batareyası və çox sayda uzunmənzilli "ATACMS" raketləri də daxil olmaqla, Ukraynaya ehtiyatlarından yüz milyonlarla dollarlıq avadanlıq təqdim edib.

"ATACMS" 300 kilometrə qədər məsafəsini qət edə bilir ki, Ukrayna raketlərinin vurma məsafəsini təxminən iki dəfə artırır.

Forum

XS
SM
MD
LG