Accessibility links

Bayden illik hesabat məruzəsində demokratiyanı müdafiə etməyə çağırdı


ABŞ Prezidenti Co Bayden cümə axşamı gecəsi illik hesabat məruzəsi nitqini başladığı kimi də yekunlaşdırdı: ölkədə və dünyada demokratiyanı müdafiə etməyin vacibliyini vurğulayaraq.

“Mən demokratiyanı, azaltdığımız deyil, müdafiə etdiyimiz bir gələcək görürəm. Mən başqa azadlıqları əlimizdən almaq deyil, seçmək və qorumaq hüququnu bərpa etdiyimiz bir gələcək görürəm,” Bayden çıxışını yekunlaşdırarkən dedi.

Bir qədər öncə isə Bayden çıxışına dünya boyu demokratiyanın üzləşdiyi təhlükələri vurğalayaraq və Konqresi Ukraynaya Rusiyaya qarşı müharibəsi üçün əlavə yardımı təsdiqləməyə çağırmaqla başladı.

“Mən Konqresə bunu deyirəm: Biz [Rusiya Prezidenti Vladimir] Putinə qarşı durmalıyıq. Mənə iki partiyanın dəstəklədiyi milli təhlükəsizlik qanun layihəsini göndərin,” o dedi.

Nümayəndələr Palatasında Respublikaçılar Senatın təsdiqlədiyi və Kyivə Rusiyaya qarşı mübarizəsinə yardım etmək üçün 61 milyard dolların daxil olduğu 95 milyar dollarlıq xarici yardım paketini blok edirlər.

“Mənim uzun müddətdir tanıdığım [Rusiya] prezidenti [Vladimir] Putinə mesajım sadədir: Biz uzaqlaşmayacağıq. Biz əyilməyəcəyik,” Bayden bildirdi.

Bayden dedi ki, dünya boyu demokratiya və azadlıq təhlükə altındadır.

“Hazırkı anımızı nadir edən odur ki, azadlıq və demokratiya həm daxildə, həm də xaricdə hücumla üzləşir,” o dedi.

Prezident həmçinin Şimali Atlantika Müqaviləsi Təşkilatınə (NATO) tərifləyərək, onu “dünyanın indiyədək gördüyü ən güclü hərbi ittifaq” adlandırdı.

O, birinci ledi Cill Baydenin qonağı qismində məruzə çıxışında iştirak edən İsveç Baş naziri Ulf Kristerssonu qeyd etdi. İsveç cümə axşamı rəsmi olaraq NATO-ya qoşuldu.

Bayden palataya daxil olarkən müxtəlif qanunvericilər və başqaları ilə salamlaşdı, söhbət etdi, şəkil çəkdirdi. Bir çox iştirakçı onu alqışlayaraq, “daha dörd il” şüarını səsləndirdi.

Prezidentdən öncə palataya onun kabinet üzvləri, o cümlədən Dövlət katibi Antoni Blinken və maliyyə naziri Canet Yellen daxil oldu.

Baydenin nitqi qanunvericilər hökuməti maliyyələşdirməyə və qapanmanın qarşısını almağa çalışdığı və Bayden Konqresi Ukrayna və İsrail üçün təhlükəsizlik yardımını təsdiqləməyə çağırdığı bir vaxta təsadüf edir.

O, nitqinin sonuna doğru İsraillə HƏMAS militant qrupu arasında davam edən müharibəyə toxundu. O, HƏMAS-ı bütün israilli girovları azad etməyə çağırdı.

“Mən bütün ailələrə söz verirəm ki, biz onların sevdiklərini evlərinə qaytarmayanadək dincəlməyəcəyik,” Bayden dedi.

Ancaq Bayden həmçinin İsrailin Qəzzada dinc əhalini qorumaq məsuliyyətinin olduğunu vurğuladı. “Bu, ürəkparçalayandır,” Bayden 30 mindən çox fələstinlinin ölümü ilə nəticələnən böhran barədə dedi.

Bayden elan etdi ki, ABŞ ordusu Aralıq dənizinin Qəzza sahilində mühasirə olunan Qəzza zolağında mülki şəxslər üçün qida, su, dərman və müvəqqəti sığınacaq daşıyan böyük gəmiləri qəbul edə bilən müvəqqəti liman quraşdıracaq.

Bundan əlavə Bayden nitqində Ali Məhkəmənin 2022-ci ildə abort hüququnu təmin edən Roe v. Wade qərarını ləğv etməsinə diqqət çəkdi.

“Aydındır ki, Roe v. Wade-in ləğvi ilə lovğalananların Amerikada qadınların gücündən xəbəri yoxdur. Amma onlar 2022, 2023-də reproduktiv azadlıq səsverməyə qoyulduğu və qazandığı zaman bunu anladılar və 2024-də də anlayacaqlar,” Bayden dedi.

“Əgər amerikalılar mənə seçim haqqını dəstəkləyən bir Konqres versələr, sizə söz verirəm: Mən Roe v. Wade-i ölkə qanunu olaraq bərpa edəcəm,”o əlavə etdi.

Bir neçə Demokrat qadın sabiq Prezident Donald Trampa qarşı başlayan ənənənon bir hissəsi olaraq qadınların səs vermə hüququnu təmsil edən ağ rəngdə paltar geyiniblər.

Bu arada isə bəzi Respublikaçılar fevral ayında Corciya ştatında qətlə yetirilən 22 yaşlı tibb bacılığı tələbəsi Leyken Rayliyə istinad edən düymələr və köynəklər geyiniblər. Hüquq-mühafiə orqanları onun ölümünə görə ABŞ-a qanunsuz olaraq daxil olan, daha sonra isə şərti azadlığa buraxılan venesuelalı miqranta ittiham irəli sürüb.

Bəzi mühafizəkar qanunvericilər Raylinin ölümünə görə Ağ Evin immiqrasiya siyasətini günahlandırır. Bayden çıxışı zamanı Konqresi sərhəd təhlükəsizliyini maliyyələşdirən qanun layihəsini təsdiqləmə çağırdı.

"Mən immiqrantları şeytan kimi göstərib, onların “ölkəmizin qanını zəhərlədiklərini” deməyəcəm,” Bayden dedi. “Mən ailələri ayırmayacağam.”

Bayden çıxışının əvvəlində ölkə iqtisadiyyatının yaxşılaşmasını və pandemiyanın səbəb olduğu tənəzzüldən çıxmasını öz adına çıxardı.

“Mən vəzifəyə gələndə bizi ölkə tariximizin ən çətin zamanlarından çıxarmaq qətiyyətində idim. Və biz bunu etdik. Bu, xəbərlərə çıxmır, amma minlərlə şəhər və qəsəbədə amerikalılar heç vaxt danışılmamış ən böyük geri dönüş hekayəsini yazırlar,” o dedi.

O, üç ildə 15 milyon yeni iş yerinin açılmasına, işsizlik səviyyəsinin son 50 ildə ən aşağı səviyyədə olmasına və rekord sayda 16 milyon amerikalının kiçik biznes açmasına istinad etdi.

Bayden həmçinin Affordable Care Act adı ilə tanınan sığorta planını qorumağa sadiqliyini vurğuladı.

Bundan əlavə onun hədəfində iri korporasiyalar və milyarderlər üçün vergi güzəştlərinin dayandırılması var.

“Heç bir milyarder bir müəllim, sanitasiya işçisi, tibb bacısından daha az vergi ödəməməlidir,” o dedi və milyarderlər üçün 25 faizlik vergi təklif etdiyini bildirdi.

Baydenin çıxışında Ukrayna və Qəzzadakı müharibələr nəzərəçarpacaq dərəcədə əks olunsa da, prezident bəzi qanunvericilərin ABŞ-ın ekzistensial rəqibi kimi gördüyü Çini qısaca müzakirə etdi. Lakin Bayden əminlik sərgilədi.

“Mən illərdir Respublikaçı dostlarım və çox sayda başqalarından eşidirəm ki, Çin yüksəlir, Amerika isə geridə qalır. Onlar bunu tərsinə deyir. Amerika yüksəlir,” o dedi.

“Biz Çinlə rəqabət istəyirik, amma münaqişə deyil,” o əlavə etdi.

ABŞ Senatoru Keyti Brit
ABŞ Senatoru Keyti Brit

Baydenin nitqindən sonra Alabama Senatoru Keyti Brit Respublikaçıların cavabı ilə çıxış etdi.

Respublikaçılar Prezident Co Baydenin illik hesabat məruzəsinə cavab vermək üçün ən gənc senatorlarından biri olan Keyti Briti seçib. O, ümummilli səhnədəki 15 dəqiqəsindən istifadə edərək, Baydenin immiqrasiya siyasəti ilə bağlı qorxuları artırdı və onun iqtisadiyyat, ədliyyə və xarici siyasətlə bağlı idarəçiliyini tənqid etdi.

“O bizi dünya səhnəsində məzə obyektinə çevirir,” Brit, ev mətbəxinə bənzəyən bir məkanda öncədən yazılan çıxışında dedi.

“Bildiyimiz və sevdiyimiz ölkə sanki əlimizdən gedir,” 42 yaşlı iki uşaq anası dedi. “Elə hiss olunur ki, gələcək nəslin bizdən daha az imkanları və daha az azadlığı olacaq. Mən narahatam ki, mənim övladlarımın Amerika xəyallarını yaşamağa macal tapmayacaq.”

Forum

XS
SM
MD
LG