Accessibility links

Bayden OPEC+ hasilatı azaltdıqda Səudiyyə Ərəbistanının "nəticə" ilə üzləşəcəyini vəd edib


Co Bayden
Co Bayden

Prezident Co Bayden çərşənbə axşamı deyib ki, Səudiyyə Ərəbistanı Ər-Riyadın başçılıq etdiyi OPEC+ alyansının hasilatı azaltmaq qərarına görə “bədəllər”lə üzləşəcək. Demokrat qanunvericilər isə səudiyyəlilərlə əməkdaşlığı dondurmağa çağırırlar.

Bayden yaxında tədbir görəcəyinə işarə edib, onun yardımçıları administrasiyanın neft hasilatının azaldılması fonunda krallıqla münasibətlərini yenidən dəyərləndirdiyini bildirib. Ağ Ev rəsmiləri hasilatın azaldılmasının OPEC+ üzvü Rusiyaya Ukraynada səkkiz aydır apardığı müharibəni davam etdirdiyi bir vaxt xəzinəsini doldurmağa yardım edəcəyini bildirib.

Koloradodan Demokrat senator Riçard Blumental və Kaliforniyadan nümayəndə Ro Xanna ABŞ-ın Səudiyyə Ərəbistanına bir il müddətində silah satışışının dayandırılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Bu fasilə həmçinin ehtiyat hissələrinin satışının, dəstək xidmətlərinin və logistik dəstəyin dayandırılmasını nəzərdə tutur.

Ancaq Baydenin Yaxın Şərqdə mühüm, lakin mürəkkəb müttəfiqi olan səudiyyəlilərə qarşı narazılığını göstərmək üçün nə qədər irəli getməyə hazır olduğu hələ ki, bəlli deyil. Bayden vəzifəyə gəldiyində Səudiyyə Ərəbistanda insan hüquqlarının vəziyyəti səbəbilə ABŞ-ın həmin ölkə ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyini vəd etmişdi, lakin o daha sonra bu ilin əvvəlində krallığa səfər etdi.

Bayden CNN tele kanalına müsahibəsində Konqreslə növbəti addımlarla bağlı məsləhətləşəcəkyini bildirib, amma Demokrat qanunvericilərin silah satışını dayandırmaq çağırışını dəstəkləməyib.

“Onların Rusiya ilə etdiklərinin bəzi bədəlləri olacaq,” Bayden deyib. “Nəzərdən keçirdiklərim nə olduğuna, düşündüklərimi deməyəcəm. Amma bədəllər olacaq.”

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbinin sözlərinə görə, Bayden hesab edir ki, “bu əlaqələrə bir daha nəzər salmağın və onun milli təhlükəsizlik maraqlarımıza xidmət etdiyinə əmin olmağın vaxtı çatıb”.

Mətbuat katibi Karin Jan-Pyer çərşənbə axşamı deyib ki, Ağ Ev münasibətlərin nəzərdən keçirilməsi üçün nə bir vaxt müəyyən edib, nə də prezident bunun üçün müşavir təyin edib.

Bu arada isə rəsmilər Səudiyyə Ərəbistanının Yaxın Şərqdə daha geniş milli təhükəsizliklə bağlı narahatlıqların həllində mərkəzi rol oynadığını vurğulayır.

Blumental və Xanna qanun layihəsini Nyu Cersi ştatından Demokrat senator Robert Menendez OPEC+ın neft hasilatını azaltması və bununla da Moskvaya Ukraynada müharibəyə yardım etməsinin qəbuledilməz olduğunu deməsindən bir gün sonra irəli sürüb. Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri kimi vəzifəsindən səudiyyəlilərə gələcəkdə silah satışının qarşısını almaq üçün istifadə edəcəyinə söz verib.

Kirbi deyib ki, Menendez səudiyyəlilərə sialh satışını dayandırmaq niyyətini elan etmədən öncə Ağ Evə xəbərdarlıq etməyib.

XS
SM
MD
LG