Accessibility links

Biləsuvardakı insidentlə bağlı 7 nəfər saxlanılıb


Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq

Azərbaycanda Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısındakı insidentlə bağlı 7 nəfər saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

“Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.” məlumatda deyilir.

Məlumatda vurğulanır ki, insidentlə bağlı 7 nəfər saxlanılıb. Onlardan iki nəfər barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, digər 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Xatırlatma

Mayın 4-də Biləsuvar rayonunun (Bakıdan 179 kilometr cənub) sakinləri yerli icra hakimiyyətinini binası qarşısına toplaşaraq sosial ödənişlərin verilməsini tələb ediblər.

Sosial şəbəkələrədə yayılan videolarda sakinlərin sosial tələblərinin dinlənilmədiyi və bunun etiraza səbəb olduğu göstərilir.

“Rayonda ciddi sosial problemlər, işsizlik var, yaşamaq üçün heç bir şey yoxdur,” sakinlərdən biri bildirib.

Onlarla şikayətçi icra hakimiyyətinin binasına daxil olmağa cəhd edib. Bu zaman polislə qarşıdurma yaranıb.

Rəsmi məlumat

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib.

“Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək həmin şəxslərlə söhbət aparıb. Bu zaman sakinlərdən biri polis əməkdaşının qanuni tələbinə əməl etməyib və əvvəl polislərə müqavimət göstərib. Daha sonra həmin şəxs polisə əli ilə xəsarət yetirib. Dərhal polis əməkdaşları həmin vətəndaşı saxlayıb və barəsində araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilib. Vətəndaşlar iddia edirlər ki, polis əməkdaşları onlara xəsarət yetirib. Lakin belə bir hal baş verməyib,” o qeyd edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 1-də yaydığı məlumatına görə, Biləsuvar rayon icra hakimiyyəti başçısı Mahir Quliyev vəzifə səlahiyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə həbs olunub.

Məlumatda deyilir ki, Mahir Quliyev birinci müavini Xanlar Məmmədov vasitəsilə ehtiyacı olan vətəndaşlara sosial yardım üçün ayrılmış vəsaiti qanunsuz olaraq mənimsəyib.

Həmçinin, icra hakimiyyətinə ayrılmış digər vəsaitlər də mənimsənilib.

Azərbaycanın bir sıra ictimai siyasi xadimləri, ekseprtlər icra strukturundakı islahatları imitasiya kimi dəyərləndirirlər.

XS
SM
MD
LG