Accessibility links

Bil Geytsdən gələcəyin mütəxəssislərinə tövsiyələr


Milyarder xeyriyyəçi, Microsoft şirkətinin keçmiş prezidenti Bill Geyts bu il Amerika kollec və universitetlərini bitirən minlərlə gənc mütəxəssisə seçdikləri peşə və həyata dair müxtəlif tövsiyələr verib.

Geyts öz tövsiyələrini ənənəvi olaraq universitet məzunları qarşısında nitq deyil, Tvitter səhifəsində yazdığı mesajlar vasitəsilə ifadə edib.Tvitterdəki 14 mesajında o, inkişaf və tərəqqi, dünyanı daha yaxşı bir yerə çevirmək səyləri və xoşbəxtlik haqda danışıb.

Süni intellekt, energetika və bioelmlər sizin təsir göstərə biləcəyəniz ümidverici sahələrdir.
Bill Geyts

Bill Geyts gələcəyin mütəxəssislərinə süni intellekt, energetika və biokimya sahələrini mühüm hesab etdiyini yazaraq bildirib ki, əgər özü bu gün karyeraya başlasa idi məhz bu sahələrə üz tutardı.

“Süni intellekt, energetika və bioelmlər sizin təsir göstərə biləcəyəniz ümidverici sahələrdir”, o qeyd edib.

Geyts intellektin müxtəlif formalarda mövcud olduğunu yazıb və onun düşündüyü qədər əhəmiyyətli olmadığını qeyd edib.

Siz qeyri-bərabərliklə istər yaxınlıqdakı küçədə, ya da dünyanın hər bir yerində daha tez mübarizə apara bilərsiniz.
Bill Geyts

Dünyanın ən zəngin insanı bildirib ki, o, dünyada mövcud qeyri-bərabərlikləri yalnız uzun illərdən sonra başa düşməyə başlayıb. Geyts gənc yaşlarında qeyri-bərabərlik haqda az biliyə malik olmasını böyük çatışmazlıq kimi qeyd edib.

O, gəncləri başqaları haqda düşünməyə çağararaq yazıb: “Siz mən sizin yaşda olandan daha çox biliyə maliksiniz. Siz qeyri-bərabərliklə istər yaxınlıqdakı küçədə, ya da dünyanın hər bir yerində daha tez mübarizə apara bilərsiniz.”

Bill və Melinda Geyts prezident Barak Obama tərəfindən Amerikada mülki vətəndaşlara verilən ən yüksək mükafat olan Azadlıq medalı ilə təltif edilirlər
Bill və Melinda Geyts prezident Barak Obama tərəfindən Amerikada mülki vətəndaşlara verilən ən yüksək mükafat olan Azadlıq medalı ilə təltif edilirlər

Bill və Melinda Geyts Fondunun həmtəsisçisi etibarlı tərəfdaşlarla əhatə olunmağın əhəmiyyətini vurğulayıb.

“Özünüzü sizi sınağa çəkən, sizi öyrədən və sizin daha yaxşı olmanız üçün sizə təkan verən insanlarla əhatə edin.” O, xanımı Melinda Geytsin onun həyatında məhz belə rol oynadığını yazıb.

Geyts bildirib ki, həyatda xoşbəxtlik meyarını milyarder investor Uorren Baffet kimi onu əhatə edən insanların özünü nə dərəcədə xoşbəxt olması və onu nə dərəcədə sevməsi, eləcə də onun başqalarının həyatında edə biləcəyi dəyişikliklərlə ölçür.

Özünüzü sizi sınağa çəkən, sizi öyrədən və sizin daha yaxşı olmanız üçün sizə təkan verən insanlarla əhatə edin.
Bill Geyts

Bill Geyts gənclərə bildirib ki, universiteti bitirdiklərinə görə onların hər birinə hədiyyə verməli olsa idi, amerikalı alim Stuven Pinkerin “The Better Angels of Our Nature: A History of Violence and Humanity” (“Təbiətimizin daha yaxşı mələkləri: zorakılıq və insanlığın tarixi”) adlı kitabını bağışlayardı.

“Stiven Pinker dünyanın necə daha yaxşı olduğunu göstərir. Bu, qəribə səslənsə də, belədir. İndiki dövr bəşəriyyət tarixində ən dinc dövrdür”, o yazıb.

Geyts bunun böyük əhəmiyyəti olduğunu vurğulayıb, belə ki, onun sözlərinə görə, dünyanın daha yaxşı bir yer olduğunu bilən gənclər başqa insanlara və hər yerə tərəqqi gətirə bilər.

Geytsin bildirdiyinə görə, bu, o demək deyil ki qarşılaşdığımız ciddi problemlərə diqqət verməməliyik. “Bu o deməkdir ki, siz onların həll oluna biləcəyinə inanırsınız”, o qeyd edib.

Geyts sonda yazıb ki, hazırkı dövr yaşamaq üçün gözəl bir zamandır və o, gənclərin bu imkandan istifadə edəcəyinə inanır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG