Accessibility links

Binəli Yıldırım müxalif rəqibi Əkrəm İmamoğlunu təbrik etdi


Reuters agentliyinin verdiyi məlumata görə, İstanbul bələdiyyə sədri postuna namizəd, iqtidarda olan Ədalət və İnkişaf Partiyasından Binəli Yıldırım müxalif rəqibi Əkrəm İmamoğlunu təbrik edib.

Türkiyə televiziyasının 95 faiz səslərin nəticələrinə əsasən İmamoğlunun 53.6 faizlə irəlidə olduğunu elan etməsindən dəqiqələr sonra Yıldırım Türkiyə demokratiyasının mükəmməl çalışdığı bildirib.

“Bu ana seçkilərdəki rəqibim Əkrəm İmamoğlunun öndə olduğu görünür. Onu təbrik edirəm. Uğurlar arzulayıram” – deyə Yıdırım bildirib.

***

Bu gün Türkiyənin ən böyük şəhəri olan İstanbulda yenidən bələdiyyə sədri seçkiləri keçirilir. Bu seçkilər 31 mart tarixində keçirilsə də, hakim partiyanın şikayətindən sonra seçkilərin nəticələri ləğv edilib və yeni seçkilər 23 iyun tarixinə təyin edilib.

İstanbul bələdiyyə sədri postuna əsas mübarizə iqtidarda olan Ədalət və İnkişaf Partiyasından Binəli Yıldırım və müxalif Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu arasında gedir. Reuters agentliyinin verdiyi məlumata görə, hər iki namizəd artıq səs verib.

Bu ilin 31 mart tarixində keçirilən bələdiyyə sədri seçkilərində İmamoğlu 13 min səs çoxluğu ilə Yıldırımı arxada qoyaraq, qalib gəlmiş və hətta 18 gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri kimi fəaliyyət göstərmişdi. Lakin hakim partiyanın şikayətindən sonra seçkilərin nəticələri ləğv edilib.

İstanbulda 10 milyondan çox seçicinin olduğu bildirilir.

XS
SM
MD
LG