Accessibility links

Bir qrup əlil TƏBİB-in ofisi qarşısında aksiya keçirib


Mayın 31-də bir qrup əlil və QHT rəhbəri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mərkəzi ofisinin qarşısında aksiya keçirib. Aksiyada əllillərin pensiyalarının kəsilməsi, əlillik dərəcəsinin verilməsində yaradılan çətinliklər və qarışıqlıq, əlillərin müalicəsində yaranan çətinliklər, Sumqayıt şəhərində əlillərin dərman təminatındakı problemlər və əlillər üçün yaradılan bürokratik çətinliklərdən danışılıb. Aksiya iştirakçılarını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində qəbul ediblər.

“Əl-Ələ” Valibeyn Cəmiyyətinin rəhbəri Rəhman Əhməd bildirib ki, ölkədə istehlak zənbillində səhiyyə xərcləri hesablanmayıb.

“Çünki, 2006-cı ildə istehlak zənbilinin meyarları müəyyən ediləndə bütün tibb müəssisələri dövlətə məxsus idi. İndi çoxsaylı tibb müəssisələri özəlləşdirilib və dövlət xəstəxanalarında bir çox hallarda bahalı cərahiyyə əməliyyatları, müalicə və müayinələr aparılmır. Əlilliyin müəyyən edilməsi üçün də bir çox müayinə və müalicələrin dövlət xəstəxanalarında aparılması qeyri-mümkündür. Özəl xəstəxanalarda müayinə və müalicə üçün isə vətəndaşın vəsaiti yoxdur,” o qeyd edib.

Rəhman Əhmədin dediyinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin müəyənləşdirilməsi üçün yeni qaydalar müəyyən edib.

“Bununla yanaşı, əlillik dərəcəsinin verilməsində TƏBİB və Səhiyyə Nazirliyinin nəzdindəki xəstəxanaların verdiyi arayışlar birmənalı qarşılanmır. Özlərinin inandığı tibb müəssisələri də yoxdur ki, insanlar orada müayinə-müalicə olunsun. Nazirlik hətta irsi xəstəlikləri olanlara, ürək əməliyyatı keçirənlərə əlavə müalicə lazım olduğunu bildirir. Bu zaman, yenidən müalicə və müayinə o qədər əlavə xərclər tələb edir ki, vətəndaş bunu ödəmək iqtidarında deyil. İş yerləri yox, əlillik pensiyalarını kəsirlər, bəs vətəndaş nə ilə dolanmalıdır? Hətta, pensiyalar, sosial müavinətlər belə vətəndaşın yaşaması üçün bəs etmir,” o qeyd edib.

Həkim bloger Cavid Zərbəliyev deyib ki, əlilliyin verilməsində problemləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil, İcbari Tibbi Sığorta və TƏBİB yaradır.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyin verilməməsində günahı yoxdur. Əlillik pensiyaları İcbari Tibbi Sığortanın və TƏBİB-in günahından kəsilir. Nazirliyin əlillik pensiyalarının və 190 manatlıq sosial müavinətin verilməməsində günahı ola bilər. Ancaq TƏBİB insanların əlillik dərəcəsini düzgün qiymətləndirmir,” o qeyd edib.

Sumqayıt şəhərindən olan əlil Taleh Bağırov hesab edir ki, əlillik dərəcəsi verilməsi üçün tərtib edilən arayışın verilməsində problemlər yaradılır.

“Sumqayıtda əlillərə imtiyazlı dərmanlar ya verilmir, ya da keyfiyyətsiz dərmanlar verilir. Yarım milyon əhalisi olan şəhərdə cəmi bir dənə MRT (Maqnit Rezonans Tomoqrafiya) aparatı, iki dənə UZİ aparatı, bir dənə sovet dönəmindən qalmış stomotoloji rentgen aparatı var. Bir sözlə müayinə olunmaq üçün tibbi avadanlq yoxdur, tibb işçiləri çatışmır,” o qeyd edib.

Öz növbəsində, 2021-ci il aprelin 9-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib.

"Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib.”

Nazir bildirib ki, bu işlər ləğv edilməsəydi, təkcə 2021-ci il üçün maliyyə yükü 560 milyon manatdan çox olardı.

Öz növbəsində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Amerikanın Səsinə bildiriblər ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır.

“TƏBİB həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər. Tibb müəssisələrində əlilliyin müəyyən edilməsi ilə bağlı hər bir vətəndaşın növbəli şəkildə Tibbi Sosial Ekspertiza Komissiyasına göndərişi rəsmiləşdirilir,” agentliyin rəsmisi bildirib.

Sumqayıt şəhərinin tibb müəssisələrində tibbi avadanlıqların olmaması məsələsinə gəldikdə isə İcbari Tibbi Sığorta Agentliyi qeyd edir ki, 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir.

“Sumqayıt şəhəri üzrə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində 11 tibb müəssisəsi (1,2,3,4 nömrəli şəhər poliklinikaları, 1,2,3,4,5 nömrəli uşaq poliklinikaları, 3 nömrəli Şəhər Xəstəxanası, Vərəm Əleyhinə Dispanser) fəaliyyət göstərir. Əlilliyin qiymətləndirilməsi ilə bağlı müayinə və müalicəyə ehtiyac olduqda Xidmətlər Zərfi çərçivəsində qeyd edilmiş tibb müəssisələrində tibbi xidmət göstərilir. Vətəndaşa sözügedən tibb müəssisələrində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmursa, müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir. Müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, Gəncə və Bakı şəhərlərində yerləşən müqaviləli tibb müəssisələri də aiddir,” agentlikdən bildiriblər.

XS
SM
MD
LG