Accessibility links

Bir qrup sahibkar etiraz aksiyası keçirib


Mayın 25-də Bakının “Təzə bazar” adlanan ticarət mərkəzinin bir qrup sahibkarı etiraz aksiyası keçirib. Sahibkarlar bir neçə ay əvvəl sökülmüş ticarət mərkəzindəki obyektlərinin bazar qiymətlərinə uyğun dəyərləndirilməmisini iddia edib. Onlar əlavə kompensasiya tələb edir.

“Təzə bazar” artıq 8 aydır ki, fəaliyyət göstərmir. Səbəb yeni sahibkarın bazar ərazisini almasıdır. 700-ə yaxın dükanın olduğu bazar ərazisinə 35 dükan sahibini yeni mülkiyyətçi kimi oraya buraxmamasıdır. Özəl şirkət bazarın darvazalarını bağlayıb.

“Burada bizim özəl mağazalarımız qalıb. Əlimizdə qanuni sənədlərimiz olsa da, mağazalarımızı boşaldıblar və qapısını bağlayıblar. Hamı ailə dolandırır. Bizim yeganə qazanc yerimiz idi. Bura mənim şəxsi əmlakımdır, amma heç bir xəbərdarlıq etmədən, kompensasiya vermədən bağlayıblar,” sahibkar Fikrət Babayev qeyd edib.

Sahibkarlar bildirir ki, hökumət qurumlarına müraciət etsələr də xeyri olmayıb, müsbət cavab almayıblar.

Etiraz edən sahibkarlar bazarda 700-ə yaxın dükanda azı 1500 işçi çalışdığını deyib.

Xatırladaq ki, "Təzə bazar" özəl şirkətə məxsus olduğundan orada icarəyə yer götürərək ticarətlə məşğul olan sahibkarlar şirkət tərəfindən 3 yerə köçürülüblər.

Sahibkarların bir qismi müvəqqəti olaraq keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”-a, bir qismi “Təzə bazar”la üzbəüz “AF Center”ə, bir qrupu isə “AfkomPlaza” ticarət mərkəzlərinə köçürülüb. Bu sahibkarların iki il ərzində bazarın yerində inşa ediləcək ticarət mərkəzində yeni mağazalarla təmin ediləcəyi bildirilir. Təkliflə razılaşmayan 35 mağaza sahibi isə artıq bir neçə aydır narazılıqlarını müxtəlif hökumət qurumları qarşısında qaldırır.

Yerli medianın qeyri-rəsmi mənbələrə əsaslanaraq yaydığı məlumatlara görə, "Təzə bazar” Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Qod Nisanova satılıb. Sövdələşmənin təfərrüatları məlum deyil.

"Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. Bazarın keçmiş sahibi Məmmədağa İbrahimov olub. Bu sahibkarla bağlı məlumat əldə etmək mümkün deyil.

"Təzə bazar” Bakı şəhərinin ən qədim bazarlarından biri hesab edilir.

XS
SM
MD
LG