Accessibility links

Birinci Qarabağ müharibəsində həlak olan yeddi nəfərin cənazəsinin qalıqları Azərbaycana verilib


Fevralın 12-də Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarına aid olduğu güman edilən yeddi cənazənin qalıqları ermənlər tərəfindən Şuşa şəhəri yaxınlığında Azərbaycana təhvil verilib.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, meyitlərin qalıqlarının müəyyənləşdirilməsi məqsədilə aparılan prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcək.

Komissiya bildirir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri davam etdirilir.

“Daim beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərini yerinə yetirən Azərbaycan tərəfi bu istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin Rusiyanın sülhməramlı qüvvələri ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərir,” komissiya qeyd edir.

Dövlət Komissiyasının məlumatına görə, hazırki anadək Qarabağ müharibəsi zaman 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Onların 3171 nəfəri hərbçilər, 719 nəfəri (71 uşaq, 267 qadın, 326 qoca) mülki şəxslərdir. İtkin düşənlərin 3623 nəfəri kişilər, 267 nəfəri qadınlardır.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illlik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini təmin edib və ermənilərin nəzarətində olan bütün ərazilər qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib. Azərbaycanın Ağdam rayonu ərazisində atəşə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyi son döyüşlər zamanaı 2841 hərbçinin həlak olduğunu bildirib.

Ermənistan rəsmi mənbələri son döyüşlərdə həlak olmuş üç mindən çox hərbçinin şəxsiyyətinin müəyyən edildiyini bildirib. Bununla yanaşı, yerli media müxtəlif rəsmi şəxslərə istinadən həlak olanların sayının 5 mindədək, bəzən isə 7 minədək olduğunu yazır. Noyabrın 13-dən başlayaraq döyüş bölgəsindən 1 375 erməni hərbçisinin cəsədinin yığıldığı deyilir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Dağlıq Qarabaq münaqişəsi başlayandan sonra, 2020-ci il sentyabrın 27-dək hər iki tərəfin ümüumi itkiləri 30,000 insan olub. 4,500 insan isə itkin sayılır.

Şərhlərə bax

XS
SM
MD
LG