"Tramp adminisrasiyası cənub-şərqi Asiya millətlərinin suverenliyində və firavanlığında maraqlıdır" deyə, ABŞ dövlət katibi Mayk Pompeo Banqkokda söylədiyi nitqdə deyib.
"Biz azad və açıq Hindistan-Sakit Okeanı hövzəsinin mövcudluğunu arzulayırıq ki, burada qanun aliliyi, açıqlıq, şəffaflıq, yaxşı idarəçilik hökm sürsün, hər bir millətin suverenliyinə hörmət edilsin" deyə, Pompeo əlavə edib.
Tramp adminisrasiyası cənub-şərqi Asiya millətlərinin suverenliyində və firavanlığında maraqlıdır.Mayk Pompeo
Cənub-Şərqi Asiya Millətlər Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri bu həftə ASEAN Regional Forumunun davam etməsi məqsədi ilə Tayland paytaxtı Banqkokda görüşlər keçirir.
ASEAN 10 üzvü - Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnam aralarında iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə çalışır.
Regional yığıncaqda ASEAN üzvlərinin xarici işlər nazirləri ilə yanaşı Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo, Cənubi Koreyadan Kanq Kyun Vu, Avstraliyadan Maris Peyn və Çindən Vanq Yi iştirak edir.
Cümə axşamı keçirilən görüş zamanı ASEAN Birləşmiş Ştatlarla Şimali Koreyanın rəsmiləri arasında danışıqlar üçün fürsət yaratmağa çalışsa da, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Hu ABŞ nümayəndələri ilə görüşə gəlməyib.
Birləşmiş Ştatların dövlət katibi Şimali Koreyanın xarici işlər nazirinin ASEAN sammitinə gəlməməsinə görə təəssüf hissi keçirdiyini deyib. "Biz hələ də ortaya qoyduğumuz Şimali Koreyanın tam nüvəsizləşdirilməsi və buna diplomatiya yolu ilə nail olunması planına sadiqik" Pompeo bildirib.
Pxenyan Tramp administrasiyasının bundan sonra daha çox danışıqlar aparmaq istəyinə heç bir münasibət bildirməyib.