Accessibility links

Yeni Zelandiya qurbanlarının dəfn mərasimi keçirilib


Martın 22-də Yeni Zelandiyadakı bir qəbiristanlıqda ötən həftənin cümə günü məscidə edilən silahlı hücum nəticəsində həyatını itirən 50 nəfərdən 26-sının dəfn mərasimi keçirilib. Dəfn mərasiminə minlərlə insan toplanıb. Dəfn edilən ən gənc qurbanın üç yaşı olub.

Dəfn mərasimindən öncə imam Camal Fouda kütləvi qətliamın baş verdiyi Kraystçörç şəhərindəki məscidinin önündə çıxış edib.

“Bizim qəlbimiz qırılıb amma biz sınmamışıq. Biz sağıq və biz birlikdəyik. Heç kəsin bizi ayırmasına imkan verməyəcəyik”, o deyib.

İmam Camal Fouda
İmam Camal Fouda

Fouda həmçinin bildirib ki, Yeni Zelandiyanın baş naziri Casinda Ardernin nümayiş etdirdiyi liderlik dünyanın digər ölkələri üçün də bir dərs olmalıdır.

Yeni Zelandiyadan olan qadınlar cümə günü müsəlman icmasına dəstək və ehtiramlarını göstərmək üçün hicab bağlayıblar. Ölkənin digər icmalarının nümayəndələri də hörmət əlaməti olaraq cümə namazına qatılıb.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern hökümətin yarı-avtomatik və avtomatik hücum silahlarını dərhal qadağan edəcəyi qanun dəyişikliyinin qəbul olunduğunu bildirib.

Rəsmilər 28 yaşlı avstraliyalı Brenton Harris Tarrantı 50 nəfərin ölümü ilə nəticələnən hücumu törətməkdə günahlandırıb. O, hadisə səbəbilə həbs olunan yeganə insandır və ona qarşı qətl ittihamı irəli sürülüb.

Tarrantın növbəti məhkəməsi aprelin 5-də baş tutacaq. Mətbuatda yer alan xəbərlərdə Tarrantı məhkəmədə özünün təmsil edəcəyi bildirilir.

XS
SM
MD
LG