Accessibility links

Türkiyəli iş adamı Azərbaycanda pulunun ələ keçirildiyini bildirib [Video]


Emre Piliç şirkətinin rəhbəri Ömür Oral mətbuat konfransı keçirib

Azərbaycanın “Xəmsə-M” cəmiyyətinin rəhbəri Mürvət Həsənli Türkiyənin “Emre Piliç” şirkətinə olan borcu ödəməkdən imtina edir. Bu barədə martın 10-da Bakıda Four Seasons otelində mətbuat konfransında “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral bildirib.

Onun sözlərinə görə, “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənli Türkiyənin toyuq məhsulları müəssisəsi “Emre Piliç” şirkətinin 1,7 milyon dollar məbləğində vəsaitini qanusnuz şəkildə ələ keçirib.

“Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma zamanı Həsənli borcu tam şəkildə etiraf edib. Baş İdarənin tövsiyəsi ilə tərəflər 2016-cı il noyabrın 12-də “Borcun etirafı haqqında Müqavilə” bağlayıb. Tərəflər arasında razılaşmaya əsasən borcun məbləği 1 milyon 300 min dollara endirilib. Buna baxmayaraq Həsənli borcu qaytarmaqdan imtina edir”, deyə Ömür Oral müqavilənin surətini jurnalistlərə təqdim edib.

Onun sözlərinə görə, şirkəti 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərir və ölkənin broyler sənayesinin inkişafında mühüm rol oynayıb.

“Şirkətimiz Azərbaycanda sağlam ana toyuq və damazlıq yumurta istehsalını təşkil edib. 2013-cü ildə “Siyəzən Boyler”dən götürdüyümüz qan nümunələrində Türkiyədə laborator analizi zamanı quş qripi və digər xstəliklər aşkar olundu. Biz “Siyəzən Broyler”i yenidən qurduq, Türkiyədən və Fransadan ana toyuqlar gətirdik, müəssisə gəlirlə işləməyə başladı”, o qeyd edib.

Ömür Oral deyib ki, “Emre Piliç” şirkətinin “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satması nəticəsində ümumilikdə 3,8 milyon dollar borc yaranıb.

“Siyəzən Broyler” pulu Mürvət Həsənliyə verib. Həsənli 2,1 milyon dolları İstanbulda nağd şəklində mənə verib. Qalan 1,7 milyon dolları isə qaytarmır”, o qeyd edib.

Ömür Oral problemin həlli üçün Azərbaycan prezidentinə, birinci vitse-prezidentə, baş prokurora və digər rəsmi qurumlara dəfələrlə müraciət edib.

“Müraciətlərimin hər hansı nəticəsi yoxdur. Mənə deyirlər ki, bu şirkətlər çox yüksək vəzifəli şəxslərin himayəsindədir. Müraciətlərimdən sonra prezidentin köməkçisi Əli Həsənovun nəzarətində olan media orqanlarında əleyhimə yazılar dərc olunmağa başlayıb. Mən buradan bəyan edirəm ki, türkəm, babam Şəkinin Göynük kəndindən köçüb. Ermənistan vətəndaşı olan şəxslərlə hər hansı ticarət əlaqəm yoxdur”, Oral əleyhinə yazılan məqalələrə belə cavab verib.

Onun sözlərinə görə, M.Həsənli İstanbula gedərək onu və ailə üzvlərini hədələyib.

“Ölkə başçısı çıxışlarında xarici investisiyaların cəlb edilməsi və qorunması ilə bağlı məmurlara tapşırıqlar verir. Xarici iş adamları bizim başımıza gətirilənləri görüb Azərbaycana sərmayə qoymaqdan çəkinir və ziyana düşməmələri üçün burada fəaliyyətini dayandırır. Mənim rəhbərlik etdiyim şirkət dünyanın 14 ölkəsinə məhsul satır, amma Azərbaycan baba yurdumdur”, o qeyd edib.

Vəkil Aslan İsmayılov isə bildirib ki, onu şirkətin hüquqlarını müdafiə etdiyinə görə həbs də gözləyə bilər.

“Bu problem ortaya çıxanda ilk danışıqları Milli Məclisin deputatı, Onkologiya Mərkəzinin maliyyə direktoru Kəmaləddin Qafarov aparırdı. O, “Siyəzən Broylerin” bütövlükdə borcunu Mürvət Həsənliyə ödədiyini dedi. Mürvət Həsənli borcu ödməkdən imtina edir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə şikayətimizə ilk anda çox diqqətlə baxdığı halda sonradan bunun mülki iş olduğunu və məhkəməyə müraciət etməyimizi məsləhət bildi”, vəkil qeyd edib.

Şirkət rəhbəri Ömür Oral ölkə prezidentinə müraciət edərək problemin həllində kömək göstərməsini xahiş edib.

Öz növbəsində, Mürvət Həsənli 2 sayli İnzibati-İqtisad Məhkəməsində “Emre Piliç” şirkətinə qarşı iddia qaldıraraq vasitəçilik xidməti göstərdiyinə görə 4 milyon 800 min dollar vəsaitin xeyrinə tutulmasını istəyir.

Bununla yanaşı, Azərbaycanın rəsmi orqanları mətbuat konfransında irəli sürülən iddialarla hələ münasibət bildirməyib.

XS
SM
MD
LG