Accessibility links

Qlobal Bakı Forumu işinə başlayıb


Aprelin 28-də III Qlobal Bakı Forumu işinə başlayıb.

Foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq dövlət və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə qatılıb. Aprelin 30-dək davam edəcək tədbirdə qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlərmüzakirə ediləcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparılacaq.

III Qlobal Bakı Forumu
III Qlobal Bakı Forumu

Foruma qatılan preident İlham Əliyev bildirib ki, Azərbaycanın əsrlər boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayıb. “Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayır. Artıq Azərbaycan multikulturalizm mərkəzinə çevrilib və ölkəmiz müstəqillik baxımından gənc olsa da, ötən dövrdə mühüm nailiyyətlər qazanıb”.

Bolqarıstan prezidenti Rosen Plevneliev dünyadakı böhranların rekord həddə çatdığını deyib. Müasir dünyanın çağırışlarına toxunan dövlət başçısı qanunun aliliyinin təmin olunmasının, böhranların həllinin, qeyri-qanuni miqrasiyanın, terrorçuluğun qarşısının alınmasının vacibliyinə diqqəti cəlb edib.

“Sülh qanunun aliliyidir”,deyən Rosen Plevneliev indi dondurulmuş böhranların sayının artdığını bildirərək dünyada davamlı nizam-intizama nail olunmasının zəruriliyini diqqətə çatdırıb.

Makedoniya prezidenti George İvanov çıxışında Avropa İttifaqının dəyərlərinə toxunub, bu qurumun yaratdığı dəyərlərin qitəni əhatə edən ölkələrin hər birində bərabər qaydada paylanmasının vacib olduğunu bildirib. Avropa İttifaqının genişlənmə siyasətinin xeyli ləngidiyini deyən dövlət başçısı qurumun hələ də dünya nizamında layiqli yer uğrunda mübarizə apardığını bildirib.

III Qlobal Bakı Forumu
III Qlobal Bakı Forumu

Maltanın baş naziri Cozef Muskat dünyanın və cəmiyyətlərin dəyişdiyi indiki vaxtda ölkəsində həyata keçirilən islahatlardan danışıb, hazırda dünyanı narahat edən miqrasiya probleminin artıq ciddi fəsadlarının olduğunu deyib. Bu problemin həll olunmadığı təqdirdə onun Avropada böhrana səbəb ola biləcəyi ehtimalını irəli sürüb.

Sonra Almaniyanın federal kansleri Angela Merkelin və Böyük Britaniyanın baş naziri Devid Kemeronun foruma ünvanladığı məktublar oxunub. UNESCO-nun baş direktoru İrina Bokova və BMT-nin keçmiş baş katibi Butros Butros-Qali öz videomüraciətlərində forumun işinə uğurlar arzulayıb.

İsmail Serageldin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin salamlarını forum iştirakçılarına çatdırıb, onun da bu Forumun işinə böyük əhəmiyyət verdiyini bildirib.

Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa da çıxışında miqrasiya probleminin həlli istiqamətində təsirli addımların atılması vaxtının yetişdiyini deyib. Bundan əlavə, insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tədbirlərin də görülməsinin vacibliyinə diqqəti cəlb edib. Bu ideyalar uğrunda mübarizənin daha güclü xarakter almasının zəruri olduğunu deyib.

XS
SM
MD
LG