Rusiyanın şərqində beş mərtəbəli binada baş verən partlayı azı doqquz nəfərin, o cümlədən dörd uşağın ölümünə səbəb olub. Bu barədə şənbə günü rəsmilər məlumat veriblər.
Rusiyanın Sakit okeanda yerləşən Saxalin adasında partlayışa qaz balonunun səbəb olduğu güman olunur.
Rəsmilər deyib ki, Fövqəladə hallar işçiləri dağıntılar arasında sağ qalanları axtarmağa davam edirlər.
Bölgə prokurorluğu partlayışla bağlı istintaq başladıb, İnstintaq Komitəsi isə ehtiyatsızlıqdan insan ölümünə və əmlaka ziyana görə cinayət işi açıb.
Saxalinin qubernatoru Valeri Limarenko Telegram-da yazıb ki, binada yaşadığı bilinən təxminən 33 nəfərin harada olduğu hələ ki, məlum deyil.
Limarenkonun bildirdiyinə görə, partlayışdan zərər çəkən sakinlərə müvəqqəti sığınacaq verilib və evlərini itirən ailələrə 500 min rubl (8217 dollar) təzminat veriləcək. O deyib ki, ölən insanların qohumlarına 1 milyon rubla (16 434 dollar) dək pul verilə bilər.