Accessibility links

ABŞ Dövlət katibi Əfqanıstana gözlənilməz səfər edib


ABŞ Dövlət Katibi Entoni Blinken aprelin 15-də Kabilə gözlənilməz səfər edərək, Əfqanıstan liderlərinə ABŞ-ın bu yaxınlarda ölkədə qalan qoşunlarını çıxarmağa başlamasına baxmayaraq, Əfqanıstana sadiq qaldığını deyib.

"Əməkdaşlıq dəyişsə də, davamlıdır" - deyə, Blinken Prezident Əşraf Qani və digər rəsmilərlə görüşü zamanı bildirib.

Səfər ABŞ Prezidenti Co Baydenin bu il sentyabr ayının 11-dək ABŞ əsgərlərini Əfqanıstandan çıxacağını elan etməsindən bir gün sonra baş tutub.

"Qərara hörmət edirik və prioritetlərimizi düzəldirik" - deyə, Qani cümə axşamı bildirib.

Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etməsə də, üzləşilən hər hansı təhlükənin qarşısını ala biləcək.

ABŞ Dövlət katibi Entoni Blinken Ali Şuranın sədri Abdulla Abdulla ilə görüşür
ABŞ Dövlət katibi Entoni Blinken Ali Şuranın sədri Abdulla Abdulla ilə görüşür

Blinken cümə axşamı Amerika səfirliyində əsasən ABŞ hərbçilərindən ibarət bir qrupla görüşüb və 2001-ci ildə ilk qüvvələr bu ölkəyə yerləşdirildiyindən bəri ordunun səylərini yüksək qiymətləndirib.

"Sizin və sələflərinizin son 20 ildə etdikləri həqiqətən fövqəladə haldır" - deyə, Blinken bildirib.

Səfirlikdə Blinken Əfqanıstanın Vətəndaş Cəmiyyəti üzvləri ilə də görüşüb. Lakin jurnalistlərə heç bir açıqlama verməyib.

Görüşdə iştirak edən Əfqanıstan parlamentinin üzvü Nahid Fərid bir müxbirin Əfqanıstanın gələcəyi ilə bağlı sualına “Mənin buna baxışım bədbindir” - deyə, cavab verib.

Bayden çərşənbə günü televiziya ilə etdiyi çıxışında "Əfqanıstandakı müharibənin nəsildən nəslə keçməsi heç bir zaman nəzərdə tutulmayıb" deyib.

Onun sözlərinə görə, Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumlarından iyirmi il sonra Birləşmiş Ştatların orada qalmağına gərək yoxdur.

"20 il əvvəl baş vermiş dəhşətli hücum səbəbiylə Əfqanıstana getdik. Bu, 2021-ci ildə orada qalmağımıza haqq qazandıra bilməz" - deyə, Bayden Ağ Evdən yayımlanan müraciətində bildirib.

O, ABŞ-ın Əfqanıstanda diplomatik və humanitar işlərə davam edəcəyini və Kabil hökumətinə dəstək verəcəyini əlavə edib.

Bayden ABŞ və müttəfiqlərinin Əfqanıstanın təxminən 300 minə yaxın əsgərinin təlimlərinə və təchiz edilməsinə kömək edəcəyini, eləcə də Əfqanıstan hökuməti ilə Taliban döyüşçüləri arasında sülh danışıqlarına dəstək verəcəyini qeyd edib.

XS
SM
MD
LG