Accessibility links

Blinken ABŞ-ın Ukraynaya "əlavə hərbi yardım"ı nəzərdən keçirdiyini deyib


ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ilə sərhədləri yaxınlığında və ilhaq edilmiş Krımda qüvvələrinin kütləvi şəkildə toplanmasının ardınca Kremlin aqressiyasına müqavimət göstərməsinə kömək etmək məqsədilə Ukraynanın "əlavə" hərbi yardım istəyini nəzərdən keçirir.

Kyiv ABŞ-dan hava hücumundan müdafiə sistemləri və snayper əleyhinə texnologiya istəyib, eləcə də Ukraynaya Patriot raketlərinin yerləşdirilməsi ehtimalını səsləndirib.

Mayın 6-da Kyivdə Volodimir Zelenski ilə görüşdən sonra Azadlıq Radiosuna müsahibə verən Blinken bildirib ki, Pentaqon "indi Ukrayna üçün faydalı olacaq və bizim avadanlıqlar da daxil olmaqla daha öncə göstərdiyimiz çox əhəmiyyətli yardımdan başqa hansı əlavə yardımları göstərə biləcəyimizi aktiv olaraq nəzərdən keçirir".

Rusiyanın Krımı 2014-cü ildə ilhaq etməsindən və Ukraynanın şərq vilayətlərində separatçılara dəstək verərək 13000-dən çox insanın ölümü ilə nəticələnən müharibəyə səbəb olmasından sonra ABŞ Ukraynaya 5 milyard dollar dəyərində maddi, humanitar və hərbi yardım göndərib.

Blinkenin Prezident Co Bayden tərəfindən Dövət Departamentinə rəhbər təyin olunandan sonra Kyivə ilk səfəri Rusiyanın sərhəddə və Krımda təxminən 100 min nəfərlik qoşun yerləşdirməsindən bir neçə həftə sonraya təsadüf edib. ABŞ Rusiyanın bu addımının hədə-qorxu gəlmək məqsədi daşıdığını bildirib.

Blinkenin sözlərinə görə, Rusiyanın qoşunlar və hərbi texnikanın bi hissəsinin ərazidən çəkildiyini desə də, qoşunların əsas hissəsi hələ də qalmaqda davam edir və Ukrayna üçün təhlükə törədir.

"Rusiya qısa müddətdə daha aqressiv addımlar atmaq qabiliyyətinə malikdir, buna görə də bu məsələdə çox sayıqıq ... və Ukraynanın özünü qorumaq imkanına sahib olmasına kömək etdiyimizə əmin olmaq istəyirik" deyə Blinken müsahibədə bildirib.

Ukrayna Kremlinin təcavüzünə mane olmaq üçün ABŞ-ı Rusiyaya məxsus bankların SWIFT sistemindən kənarlaşdırmaqla hədələməyə çağırır.

Bəzi analitiklər Rusiyanın maliyyə qurumları arasında etibarlı və sürətli rabitəni asanlaşdıran SWIFT sistemindən kənarlaşdırmasının ölkə iqtisadiyyatına əhəmiyyətli bir zərbə olacağını deyir.

Blinken Kremlin Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün ABŞ-ın "bütün ağlabatan variantları nəzərdən keçirəcəyini" desə də, bunun üçün SWIFT-dən istifadə etmək ehtimalı barədə birbaşa şərh verməkdən imtina edib.

XS
SM
MD
LG