Accessibility links

Blinken Ukraynaya 1,3 milyard dollarlıq iqtisadi yardım paketini açıqlayıb


ABŞ Dövlət katibi Antoni Blinken bəyan edib ki, Birləşmiş Ştatlar Kyivə müharibədən zərər çəkmiş iqtisadiyyatını bərpa etmək və demokratiyanı gücləndirmək üçün Ukraynaya əlavə 1,3 milyard dollarlıq yardım edəcək.

Londonda Ukraynaya yardım mövzusunda keçirilən konfransda danışan Blinken bildirib ki, ABŞ Ukraynaya yarıdan çoxunun Rusiya tərəfindən məhv edilən elektrik şəbəkəsinin yenilənməsi üçün 520 milyon dollardan çox yardım edəcək.

Onun sözlərinə görə, bu, Ukraynanın enerji sektorunu daha təmiz, dayanıqlı və Avropaya inteqrasiya edəcək.

"Biz inhisarçılıqla mübarizə və özəl investisiyaları təşviq etmək üçün Ukraynanın enerji bazarı islahatlarını dəstəkləyəcəyik, bununla da Ukraynanın bir gün enerji ixracatçısına çevrilməsinə imkan yaradılacaq", Blinken bildirib.

O əlavə edib ki, ABŞ sərhəd keçidlərinin, dəmir yol xətlərinin, limanların və ölkəni Avropa ilə birləşdirən digər mühüm infrastrukturun təkmilləşdirilməsi üçün də 657 milyon dollar ayıracaq.

Bu, ona daha çox mal mübadiləsinə, daha səmərəli və yeni marşrutlardan istifadə etməyə imkan verəcək.

"Biz sürəti artırmaq və korrupsiyanı azaltmaq üçün Ukraynanın gömrük və digər sistemlərinin rəqəmsallaşdırılmasına daha 100 milyon dollar yönəldəcəyik" deyən Amerika diplomatiyasının rəhbəri "Biz, həmçinin Ukraynadakı investorlar üçün riskləri azaldacaq maliyyələşdirmə və sığorta vasitəsilə ukraynalı biznes və sahibkarlara kömək etmək üçün 35 milyon dollar ayırmağı öhdəmizə götürürük" ifadələrini də işlədib.

Yeni paket ABŞ-ın 16 aydır davam edən münaqişədən zərər çəkmiş ukraynalı işçilərə, müəssisələrə və kommunal xidmətlərə kömək etmək üçün verdiyi 20 milyard dollarlıq iqtisadi və inkişaf yardımını tamamlayacaq.

Bu, həmçinin Rusiyanın təcavüzkar müharibəsinə cavab olaraq ABŞ-ın Ukraynaya və regiona göstərdiyi 2,1 milyard dollardan çox humanitar yardımı tamamlayacaq.

Blinken açıq şəkildə bildirib ki, son nəticədə Ukraynanın yenidən qurulmasının xərclərini işğalçı Rusiya öz üzərinə götürməli olacaq.

"Düzünü deyək: Ukraynadakı dağıntıların səbəbkarı Rusiyadır. Rusiya isə sonda Ukraynanın bərpası üçün pul ödəyəcək. O vaxta qədər biz öz ölkəsini qorumaq, bərpa etmək və yenidən düşünmək üçün ən böyük fədakarlıq edən Ukrayna xalqını dəstəkləyəcəyik", Blinken qeyd edib.

XS
SM
MD
LG