Accessibility links

Blinken: İranla nüvə müqaviləsinə qayıtmaq barədə danışıqlar sonsuza qədər davam etməyəcək


ABŞ Dövlət katibi Antoni Blinken cümə axşamı İranla 2015-ci il nüvə anlaşmasını xilas etmək üçün aparılan danışıqların “sonsuza qədər davam edə bilməyəcəyini və davam etməyəcəyini” deyib və bu mövzuda tezliklə irəliləməyin Tehrana bağlı olduğunu bildirib.

Blinken bu barədə cümə axşamı Küveytdə həmkarı Şeyx Əhməd Nasir Əl Məhəmməd Əl Sabahla keçirdiyi mətbuat konfransında danışıb. ABŞ-ın ən yüksək səviyyəli diplomatı Bayden administrasiyasının danışıqları davam etdirməyə hazır olduğunu, ancaq İranın da qərar verməli olduğunu qeyd edib.

İki tərəf ABŞ Prezidenti Co Bayden yanvar ayında vəzifəyə başladığından bəri Vyanada bir neçə dəfə vasitəçilərlə danışıqlar aparıb. Orada İranın nüvə proqramını məhdudlaşdırmaq barədə beynəlxalq razılaşmaya əməl edəcəyi təqdirdə, Tehrana qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsi müzakirə edilmişdi.

Amerika Birləşmiş Ştatları rəsmi olaraq 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planı və ya JCPOA olaraq bilinən müqavilədən çıxıb və o zamandan bəri İran, uranın zənginləşdirmə səviyyəsini artırmaq və daha böyük uran ehtiyatlarını saxlamaq da daxil olmaqla, öhdəliklərindən kənar bir neçə addım atıb.

Blinken, "İranın nüvə proqramı ilə bağlı həyata keçirdiyi fəaliyyətlərə davam edəcəyi təqdirdə JCPOA-nın əldə etdiyi qazanclar JCPOA-ya qayıtmaqla tamamilə bərpa edilə bilməz" deyib.

ABŞ, Britaniya, Çin, Fransa, Almaniya və Rusiya İranın nüvə silahı yaratmağa çalışdığına dair narahatlıqları aradan qaldırmaq üçün İranın nüvə fəaliyyətinə məhdudiyyətlər qoymağa çalışıblar İran isə onun nüvə proqramının yalnız dinc məqsəd daşıdığını açıqlayıb.

Regional təhlükəsizlik məsələlərindən başqa, Blinken cümə axşamı ABŞ və Küveytin koronavirus pandemiyasına son qoymaq və Yaxın Şərqdə və dünyanın digər yerlərində insanların ehtiyaclarını həll etmək üçün birlikdə çalışdıqlarını qeyd edib.

O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin üç ildən çoxdur Qətəri təcrid etdiyi Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasındakı anlaşılmazlığı yoluna qoymaq üçün Küveytin gördüyü işləri yüksək qiymətləndirib.

Xarici işlər naziri ilə görüşdən başqa, Blinken cümə axşamı Küveytin hakim əmiri, vəliəhdi və baş naziri ilə danışıqlar aparıb və ölkə parlamentini ziyarət edib.

XS
SM
MD
LG