Dövlət katibi Antoni Blinken Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşərək, Qəzzada atəşkəslə bağlı dialoqun daha da inkişaf etdirilməsi yollarını müzakirə edib. Bu barədə məlumatı Misir administrasiyası verib.
Bildirilib ki, əs-Sisi Qəzzadakı müharibə təhlükəsinin bölgəyə yayılmasının "təsəvvür edilməz dərəcədə çətin olacağı" barədə xəbərdarlıq edib.
"Qəzzada atəşkəs Fələstin dövlətinin daha geniş beynəlxalq səviyyədə tanınmasının və iki dövlətli həllin həyata keçirilməsinin başlanğıcı olmalıdır, çünki bu, regionda sabitliyin əsas təminatıdır" deyə o, əlavə edib.
Blinken bu həftənin sonuna planlaşdırılan Qəzzada atəşkəs və girovların azad edilməsinə dair danışıqlarda irəliləyişə nail olmaq üçün Qahirəyə səfər edib. Belə ki, əsas məsələlər həll olunmamış olaraq qalır.
10 ay yarımdır davam edən müharibədə atəşkəslə bağlı davam edən dalana dirənmiş danışıqlar zamanı ABŞ İsraillə yanaşı müstəqil Fələstin dövlətinin yaradılmasına çağıran iki dövlətli həll yolunu dəstəkləyib, ancaq İsrailin baş naziri Benyamin Netanyahu İsrailin təhlükəsizliyi üçün qeyri-mümkün olduğunu deyərək belə bir nəticəyə qarşı çıxmağa davam edib.
Birləşmiş Ştatlar Misir və Qətərlə birlikdə bir neçə aydır ki, Qəzza ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış edir.
ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi axşam Təl-Əvivdə deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs razılaşması üçün Amerikanın "kompromis təklifini" qəbul edib.
"İndi növbə HƏMAS-ındır” deyən Blinken HƏMAS-ın verdiyi təkliflərin nəzərə alınıb-alınmadığını açıqlamayıb. O əlavə edib ki, Misir, Qətər və ABŞ-ın təmsil etdiyi vasitəçilərin yardımı ilə tərəflər “bir araya gəlib prosesi başa çatdırmalıdır".
Blinkenin 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan bəri Yaxın Şərqə etdiyi doqquzuncu səfəri ABŞ, Misir və Qətərin İsraillə HƏMAS arasında atəşkəs və girovların azad edilməsi sazişini yekunlaşdırmağa çalışdığı vaxta təsadüf edir.
ABŞ keçən həftə Dohada keçirilən atəşkəs danışıqlarında kompromis təklifi təqdim edib. Bu həftə Qahirədə danışıqların bərpası planlaşdırılır. Blinken deyib ki, HƏMAS razılığı qəbul etsə belə, hələ də “liderlərin çətin qərar vermələrini tələb edən “mürəkkəb məsələlər” var. O, təfərrüatları açıqlamayıb.
Razılaşmanın əldə edilməsi üçün vaxtın nəhayət tükənə biləcəyinə dair suala cavabında Blinken "biz heç vaxt təslim olmuruq" deyib. O, Netanyahu ilə iki saat yarım təkbətək görüşüb.
Bəzi təhlilçilər buna skeptik yanaşır.
"Mənim fikrimcə, burada arzu olunanın həyata keçiriləcəyinə dair inam var və buna səbəb bu münaqişənin [Qəzzadan] kənara çıxması potensialının olmasıdır," Yaxın Şərq İnstitutunun baş elmi işçisi Miret Mabruk Amerikanın Səsinə deyib.
Bazar ertəsi İsrail hökumətinin sözçüsünün jurnalistlərə bildirdiyinə görə, Netanyahu HƏMAS-ın silah ehtiyatı toplamasının qarşısını almaq məqsədi ilə İsrail ordusunun Qəzza zolağı ilə Misir arasındakı Filadelfi dəhlizində fiziki mövcudluğunu davam etdirməsi prinsipinə "qəti şəkildə sadiqdir".
HƏMAS bundan əvvəl Netanyahunu vasitəçilərin səylərinə xələl gətirməkdə ittiham etmişdi. HƏMAS-ın siyasi bürosunun üzvü Sami Əbu Zühri Dohada iki günlük danışıqlardan sonra irəliləyiş əlamətlərinin "bir illüziya" olduğuna dair iddiaları rədd edib.
İran və onun Livanda dəstəklədiyi "Hizbullah"ın qrupun Beyrutda yüksək səviyyəli üzvünün və Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə görə İsraildən qisas alacağı təqdirdə, daha geniş regional eskalasiya qorxusu fonunda razılığın əldə edilməsinin zərurəti daha da artıb.
İsrail Beyrut hücumuna görə məsuliyyəti öz üzərinə götürüb, lakin Haniyənin öldürülməsinin arxasında olduğu güman edilsə də, İsrail Tehrandakı hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Forum