Accessibility links

Blinken İsrailə, İordan çayının qərb sahilinə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək


ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Dövlət katibi Antoni Blinken bu həftə İsrail, İordan çayının qərb sahili və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Onun səfəri Vaşinqtonun Qəzza zolağına humanitar yardımın artırılması və HƏMAS tərəfindən götürülən bütün girovların azad edilməsini təmin etməyə çalışdığı vaxta təsadüf edir.

Dövlət Departamentinin bəyanatında "Dövlət katibi Blinken İsraildə və İordan çayının qərb sahilində İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə hüququnu, qalan girovların azad edilməsi, İsrailin Qəzzada keçirdiyi əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi və onlara humanitar yardımın çatdırılmasını sürətləndirmək səylərini müzakirə edəcək" bildirilib.

Dövlət Departamentinin sözçüsü bir müddət əvvəl Blinkenin İsrail HƏMAS-ı məhv etməyə nail olarsa, Vaşinqtonun Qəzza zolağının gələcəyi ilə bağlı baxışını müzakirə edəcəyini bildirmişdi.

Dövlət Departamentinin məlumatına görə, Amerika diplomatiyasının rəhbəri müstəqil Fələstin dövlətinin yaradılmasının zəruriliyini də müzakirə edəcək və Birləşmiş Millətlər Təşkilatının Dubayda keçiriləcək İqlim Dəyişikliyi Konfransında (COP28) iştirak edəcək.

Blinken səfərə hazırlaşarkən Bayden administrasiyası Qəzza zolağında hərbi əməliyyatın növbəti mərhələsi ilə bağlı İsrailə ciddi xəbərdarlıqlar edib.

The Hill qəzeti Vaşinqtonun anklavın cənubundakı hərbi əməliyyatların ərazinin şimalında olduğu kimi dağıntılarla müşayiət olunmamalı olduğunu bildirdiyini yazıb.

Administrasiyanın yüksək səöviyyəli rəsmisi jurnalistlərə bildirib ki, administrasiya İsrailə "münaqişənin aradan qaldırılması zonaları" olaraq, BMT obyektləri və aktiv hərbi əməliyyatların aparılmayacağı təhlükəsiz sığınacaqların yaradılmasına razılıq verməsini təklif edir.

"Şimalda baş verən yerdəyişmə miqyasının cənubda yenidən baş verməsinə icazə verilə bilməz" deyə, The Hill rəsmiyə istinadən bildirib.

Forum

XS
SM
MD
LG