Accessibility links

Rusiyanın təhdidləri fonunda Blinken ABŞ-ın Moldovaya dəstəyini vəd edib


ABŞ dövlət katibi Antoni Blinken və Moldova prezidenti Maya Sandu
ABŞ dövlət katibi Antoni Blinken və Moldova prezidenti Maya Sandu

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü Kişinyova səfəri zamanı ABŞ-ın Moldovaya sadiqliyini bir daha vurğulayaraq, enerji təhlükəsizliyinin artırılması və Rusiyanın dezinformasiyasına qarşı mübarizə üçün $135 milyon dollar vəd edib.

Çərşənbə günü Moldovaya səfəri zamanı Blinken deyib ki, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 85 milyon dollara qədər maliyyə vəsaiti Moldovanın milli elektrik şəbəkəsini gücləndirilməsi, Rumıniya, Ukrayna və daha geniş Avropa bazarı ilə elektrik enerjisi ticarətini asanlaşdırması üçün avadanlıqlara subsidiya verəcək. O, həmçinin Rusiyanın yenidən təhdidləri ilə üzləşən qərbyönlü Moldovaya əlavə yardımı da açıqlayıb.

Blinken Moldova prezidenti Maya Sandu ilə birgə keçirilən mətbuat konfransında açıqlama verib.

"Bu gün biz Konqreslə birlikdə enerji və kənd təsərrüfatı sektorlarında islahatlardan tutmuş, dezinformasiyaya qarşı mübarizəyə qədər səyləri daha da inkişaf etdirmək üçün əlavə 50 milyon dollar ayırmaq üçün işləyəcəyik," o deyib. "Bu, öz növbəsində, Moldovanın Rusiyanın müdaxiləsinə müqavimət göstərmək, Avropa İttifaqına və Qərbə inteqrasiyaya gedən yolu davam etdirmək üçün azad və ədalətli seçkilər keçirmək qabiliyyətini gücləndirəcək."

Blinkenin səfəri Rusiyanın Moldovanın Dnestryanı bölgəsində hərbi mövcudluğu ilə bağlı narahatlıqlar fonunda baş verir. Moldova Rusiyanı seçkilərə müdaxilə, hökuməti devirmək və onun Avropa İttifaqına üzvlük istəyinə mane olmaq məqsədi ilə dezinformasiya kampaniyaları vasitəsilə hibrid müharibələr aparmaqda ittiham edib. Rusiya bu ittihamları rədd edir.

Sandu Blinkenin iki il ərzində ikinci səfərini "güclü dəstək əlaməti" olduğunu deyərək alqışlayıb.

"Birlik və tərəfdaşlarımızın dəstəyi ilə biz xalqımızın yanında olacağıq və irəliləyəcəyik," Sandu mətbuat konfransında bildirib.

O, həmçinin həm Moldovaya, həm də Ukraynaya dəstəyinə görə ABŞ-a minnətdarlığını ifadə edib. Rusiyanın 2022-ci ildə işğalından bu yana Bayden administrasiyası Ukraynaya milyardlarla dollarlıq silah yardımı yönəldib və Sandu "Bu, Moldovanı daha təhlükəsiz və daha güclü edir" deyib.

Kişinyovdan sonra Blinken NATO xarici işlər nazirlərinin görüşləri keçiriləcək Praqaya yola düşüb. ABŞ rəsmilərinin dediyinə görə, orada onun "Ukraynaya əhəmiyyətli dəstək nümayiş etdirəcəyi" gözlənilir.

Forum

XS
SM
MD
LG