Accessibility links

Blinken Lavrova bildirib ki, ABŞ Ukraynaya qarşı təcavüzə dərhal cavab verməyə hazırdır


ABŞ Dövlət Katibi Antoni Blinken cümə günü Cenevrədə keçirilən görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova Moskvanın Ukraynaya qarşı növbəti təcavüzü halında Vaşinqtonun “vahid, çevik və sərt cavab” vermək əzmini təkrarlayıb. İki yüksək rütbəli diplomat cümə günü saat yarımlıq görüşlərini başa vurublar. Görüş zamanı ABŞ Rusiyanı on minlərlə hərbi qüvvə topladığı və Ukraynaya mümkün müdaxilə əlamətləri göstərdiyi Ukrayna ilə sərhəddə gərginliyi azaltmağa razı salmağa çalışıb.

"Biz hamımız fikir ayrılıqlarımızı həll etməyə çalışmaq üçün diplomatiya və dialoq yoluna eyni dərəcədə sadiqik. Ancaq bunun mümkün olmadığı ortaya çıxarsa və Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirmək qərarına gələrsə, vahid, sürətli və sərt cavab verməyə də hazırıq” – deyə, Blinken görüş başa çatdıqdan sonra jurnalistlərə müraciətində qeyd edib.

ABŞ prezidenti Co Bayden hər iki ölkənin diplomatik idarələrinin rəhbərləri Ukrayna məsələsində irəliləyiş əldə edə bilsələr, rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazırdır. Bu barədə Blinken Rusiya XİN rəhbəri ilə danışıqlardan sonra bildirib.

“Prezident Bayden burada, Cenevrədə prezident Putinlə görüşüb, onunla bir neçə dəfə telefon və ya videokonfrans vasitəsilə danışıb və əgər biz və ruslar problemi həll etməyin ən yaxşı yolunun Putinlə növbəti danışıq olması qənaətinə gəlsək, bunu etməyə hazırıq” – deyə, Blinken jurnalistlərə bildirib.

Hər iki tərəf danışıqlardan əvvəl etiraf edib ki, ABŞ və müttəfiqləri tərəfindən qəbuledilməz hesab edilən Rusiyanın təhlükəsizlik tələbləri üzrə irəliləyiş gözlənilmir. Blinken ABŞ və Rusiyanın görüşdə fikir ayrılıqlarını həll edəcəyini gözləmədiyini təkrarlayıb, lakin bu məsələlərin həlli üçün diplomatik yolun açıq qalacağına ümid etdiyini vurğulayıb.

"Biz bu yolla getmək və fikir ayrılıqlarımızı sülh yolu ilə həll etmək niyyətindəyik" – deyə o qeyd edib. Blinkenin Lavrovla cümə günü görüşü onun Berlində Almaniya, Britaniya və Fransadan olan həmkarları ilə, Kyivdə isə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlərindən sonra baş tutub.

Reuters agentliyi Blinkenin Lavrovla danışıqları “səmimi və faydalı” adlandırdığını bildirib və əlavə edib ki, görüş zamanı onun əsas vəzifəsi Moskvanın Ukrayna ətrafında gərginliyi azaltmaq üçün diplomatik yola hazır olub-olmadığını anlamaqdır.

Blinken jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın növbəti həftə Rusiya ilə narahatlıqlarını və fikirlərini daha ətraflı yazılı şəkildə paylaşmağa razılaşdığını bildirib və Lavrovla diplomatik prosesin davam etməsi mövzusunda həmfikir olduqlarını bildirib.

Dövlət Katibi əlavə edib ki, o, Rusiyadan Ukrayna sərhədləri yaxınlığında yerləşən qoşunları geri çəkməklə bağlı niyyətlərini sübut etməsini xahiş edib.

“Biz eşitmişik ki, Rusiya rəsmiləri Ukraynaya müdaxilə etmək niyyətində deyillər. Əslində, cənab Lavrov bunu mənə bu gün təkrarlayıb. Əgər Rusiya dünyanı Ukraynaya qarşı aqressiv niyyətlərinin olmadığına inandırmağa başlamaq istəsə, çox yaxşı başlanğıc gərginliyi azaltmaq, Ukrayna ilə sərhəddəki bu qüvvələri geri qaytarmaq, çıxarmaq olardı” – deyə, Blinken bildirib.

Blinken deyib ki, o, Lavrovla İranla bağlı məsələləri də müzakirə edib. Bu barədə Reuters məlumat verib. Dövlət Katibi İranın “nüvə sazişi”ni Moskva və Vaşinqtonun təhlükəsizlik məsələlərində necə birgə işləyə biləcəyinə nümunə adlandırıb. Blinken əlavə edib ki, 2015-ci il “nüvə sazişi”nə qayıtmaq üçün hələ də imkan var.

"Reuters"in sitat gətirdiyi Lavrov Blinkenlə görüşdən sonra Ukrayna ilə bağlı emosiyaların soyuyacağına ümid etdiyini bildirib və Moskvanın qonşu ölkəyə heç bir təhlükə törətmədiyinə dair iddialarını təkrarlayıb.

XS
SM
MD
LG