Accessibility links

ABŞ Dövlət katibi münaqişənin genişlənmə riskinin artdığı bir vaxt Yaxın Şərqə yola düşüb


ABŞ Dövlət katibi Antoni Blinken
ABŞ Dövlət katibi Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken müharibənin viran qoyduğu Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün diplomatik səylərin intensivləşdiyi və mülki əhali arasında itkilərin azaldılması üçün İsrailə beynəlxalq təzyiqlərin artırıldığı bir vaxt Yaxın Şərqə səfər edir.

Blinkenin səfəri İsrailin HƏMAS militantları ilə müharibəsinin üç ayına yaxınlaşdığı vaxta təsadüf edir.

Reuters yüksək rütbəli ABŞ rəsmisinə istinadən xəbər verib ki, Blinken cümə axşamı Yaxın Şərqə səfər edəcək, o cümlədən İsraildə dayanacaq.

ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn də İsraillə Hizbullah arasında gərginliyi azaltmaq üçün İsrailə səfər edəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə bildirib ki, Blinken şənbə günü Türkiyə rəsmiləri ilə görüşlər keçirəcək.

ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Yaxın Şərqdə keçiriləcək görüşləri Qərb və regional dövlətlərin İsrail-HƏMAS müharibəsini Qəzza zolağında məhdudlaşdırmaq üçün birgə səylərinə baxmayaraq, daha geniş regional münaqişə riskinin artdığı bir vaxta təsadüf edir.

Dövlət Departamentinin bildirdiyinə görə, Birləşmiş Ştatlar HƏMAS-ın yüksək səviyyəli rəsmisi Saleh Əl-Arurinin çərşənbə axşamı Beyrutda öldürülməsindən sonra münaqişənin digər cəbhələrə yayılma riskindən "inanılmaz dərəcədə narahatdır".

İsrail ordusu Livanın Hizbullah silahlı qruplaşmasının hücumlarına qarşı yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Bu, Beyrutda Hizbullah-ın baş katibi Həsən Nəsrullahla yaxın əlaqəsi olan Əl-Arurinin pilotsuz təyyarə ilə öldürülməsindən sonra baş verib. Televiziyada çıxışı zamanı Nəsrulla buna "cavab və cəza" veriləcəyini desə də, qüvvələrinin İsrailə qarşı hücumları artıracağını açıq şəkildə bəyan etməyib.

Dövlət Departamentinin məlumatına görə, ABŞ oktyabrın 7-dən sonra Hizbullaha və regiondakı digər qruplaşmalara "indi gərginliyi daha da artıqmağın vaxtı deyil" mesajı göndərib.

İsrail HƏMAS silahlılarının oktyabrın 7-də həyata keçirdiyi hücumlardan qısa müddət sonra Qəzzaya hücuma başlayıb.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) də hər hansı bir gərginlik potensialından dərin narahatlığını ifadə edərək, bütün tərəfləri təmkinli olmağa çağırıb.

Livanın müvəqqəti baş naziri Nəcib Mikati bu həftənin əvvəlində İsrailin Əl-Arurinin ölümü ilə nəticələnən zərbəsini pisləyərək, bunu Livanı qarşıdurmaların yeni mərhələsinə sürükləmək məqsədi daşıyan "cinayət" adlandırıb.

Forum

XS
SM
MD
LG