Dövlət katibi Antoni Blinken bu həftə Avropaya səfəri zamanı NATO müttəfiqləri ilə bir sıra görüşlər keçirib. Blinken Latviya və İsveçə səfərləri zamanı Rusiyaya Ukraynaya qarşı hər hansı eskalasiyanın “ciddi nəticələri” ola biləcəyi barədə xəbərdarlıq edib.
Dövlət katibi Antoni Blinken Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığında on minlərlə əsgəri qüvvə və ağır zirehli texnika cəmləşdirməsi ilə bağlı narahatlıqların artması fonunda Latviyanın paytaxtı Riqada uzun müddətdir planlaşdırılan görüşdə NATO-nun digər xarici işlər nazirləri ilə bir araya gəlib. Blinken Rusiyanın 2014-cü ildə Krımı Ukraynadan ilhaq etrməsinə işarə edərək, ABŞ-ın Moskvanın “oyun ssenarisini” dəfələrlə gördüyünü deyib.
“Rusiya tərəfindən istənilən eskalasiya ABŞ-da, eləcə də Latviyada ciddi narahatlıq yaradacaq və hər hansı yeni təcavüzün ciddi nəticələri olacaq” - deyə, Dövlət Blinken bildirib.
Rusiya prezidenti Vladimir Putin öz növbəsində, bu ilin əvvəlində sərhəddə hərbi qüvvə cəmləşdirildiyi zaman heç bir müdaxilənin olmadığını deyərək, Qərbin narahatlıqlarını rədd edib.
“Baxın, onlar (Qərb ölkələri) ilin əvvəlində Rusiya qoşunlarının Ukraynaya mümkün yeridilməsindən danışırdılar. Amma gördüyünüz kimi, bu baş vermədi”, Rusiya prezidenti Vladimir Putin bildirib.
Lakin NATO xarici işlər nazirləri Rusiyaya cavabı müəyyən etmək üçün bağlı qapılar arxasında görüşlər keçirdiyi zaman Alman Marşal Fondunun təhlilçisi Maykl Kimmac bu qeyri-sabit məqamda daha çox qan tökülməsinin qarşısını almaq üçün diplomatiyanın çox vacib olduğunu bildirir.
“Potensial olaraq söhbət Avropa torpağında 1945-ci ildən bəri baş verməmiş böyük bir müharibədən gedir. Bu, regionda yerləşən ölkələrin çoxluğuna görə Yuqoslaviyadan fərqli olardı. Düşünürəm ki, Ukrayna ilə Rusiya arasında real müharibə olsa, Polşa, Litva və Baltikyanı respublikalar Ukraynanın tərəfində müharibəyə girməyi zəruri hesab edə bilər”, Maykl Kimmac deyib.
Prezident Co Bayden dekabrda Putinlə danışıqlar aparmağı planlaşdırır. Karnegi Fondunun Avropa bölməsinin təhlilçisi Cudi Dempsi yüksək səviyyəli diplomatiyanın sanksiyalardan daha çox şey vəd etdiyinə inandığını bildirir.
“Biz Vaşinqtonla Moskva arasında ciddi dialoq aparmalıyıq. Biz müharibəyə yol verə bilmərik. Bu, Ukraynadakı insanlar üçün dəhşətli olardı. Rəy sorğularına baxsanız, Rusiya ictimaiyyətinin də buna razılıq verəcəyinə də o qədər əmin deyiləm”, Cudi Dempsi deyib.
Dempsi Amerikanın Səsinə bildirib ki, Putin diqqəti Rusiyada COVID-19-a qarşı mübarizə və yüksək ölüm halları kimi daxili məsələlərdən yayındırmaq üçün tez-tez xarici siyasətdə süni münaqişələrdən istifadə edir.