Accessibility links

Blinken Rusiyanın müdaxiləsi ilə bağlı narahatlıqlar fonunda bu həftə Ukrayna və Almaniyaya səfər edəcək


ABŞ Dövlət Katibi Antoni Blinken Rusiyanın qonşusuna müdaxilə etməyə hazırlaşdığı ilə bağlı Qərbin narahatlıqları fonunda dəstək nümayişi məqsədilə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün yanvarın 19-da Kiyevə səfər etməyə hazırlaşır.

Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi açıqlamada Almaniyanın Xarici İşlər naziri Annalena Berbok ilə danışıqlar aparmaq üçün Berlinə getməzdən əvvəl Blinkenin “ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini gücləndirmək” üçün Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcəyini bildirib.

Prays bildirib ki, bu görüşün ardınca Britaniya, Fransa və Almaniya ilə danışıqlar aparılacaq və bu danışıqlarda “Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün qarşısını almaq üçün birgə səylər”, o cümlədən müttəfiqlərin “Rusiyaya böyük nəticələr və ağır iqtisadi xərclər tətbiq etməyə hazırlığı” müzakirə olunacaq"

ABŞ və onun Qərb müttəfiqləri Ukrayna sərhədləri yaxınlığında on minlərlə hərbçi toplayan Rusiyanın keçmiş Sovet respublikasına hərbi hücuma keçəcəyi təqdirdə Moskva üçün ağır nəticələrlə bağlı xəbərdarlıq edib.

Moskva belə planlarının olduğunu inkar edir.

Qərb Moskvanın 2014-cü ilin martında Ukraynanın Krım bölgəsini qanunsuz ilhaq etməsi və 2014-cü ilin aprelindən bəri 13,200-dən çox insanın həyatına son qoyan müharibədə Ukraynanın şərqindəki separatçı döyüşçülərə dəstək verdiyinə görə artıq Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Bu, "Rusiyanın Ukraynaya yaratdığı təhlükənin aradan qaldırılması üçün vahid yanaşma və onu təhlükəsizlik və sabitlik maraqları naminə diplomatiya və deeskalasiya seçməyə təşviq etmək üçün birgə səylərimizlə bağlı avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla apardığımız geniş diplomatiyanın davamıdır" - deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays əlavə edib.

Səfər yanvarın 18-də Almaniyanın xarici işlər naziri Annalena Berbokun rusiyalı həmkarı Sergey Lavrov ilə Moskvada görüşdüyü vaxta təsadüf edir.

XS
SM
MD
LG