Dövlət katibi Antoni Blinken cümə axşamı Qahirədə Misir prezidenti Əbdülfəttah Əl-Sissi ilə görüşündən sonra deyib ki, Fələstin dövlətinin yaradılması regionda vəziyyəti sabitləşdirmək və İranı onu dəstəkləyənlərlə birlikdə təcrid etmək üçün ən yaxşı yoldur.
Blinken Yaxın Şərqə səfəri zamanı Qəzzada qan axıdılmasına son qoymağın yollarını axtarır. Eyni zamanda bu münaqişənin Livan, İraq və Qırmızı dəniz regionuna keçməsi təhlükəsi var.
Bir həftə ərzində doqquz Yaxın Şərq ölkəsini və İordan çayının qərb sahilini ziyarət edən Blinken İsrail müstəqil Fələstin dövlətlərinin yaradılmasına icazə verməklə bağlı öhdəliyi üzərinə götürdüyü təqdirdə, ərəb ölkələrinin müharibədən sonra Qəzzada yenidənqurulma işlərinə yardım edəcəkləri və İsraillə iqtisadi inteqrasiyanı davam etdirəcəkləri barədə ilkin razılaşma əldə edib.
Sissi ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Blinken bildirib ki, region üçün qarşıda iki yol var. Bunlardan birincisi "İsrail region ölkələrinin, eləcə də ABŞ və Fələstin dövlətinin təhlükəsizlik zəmanətləri və öhdəlikləri ilə inteqrasiyasıdır. Ən azından bu, dövlətin yaranmasına aparan yoldur".
Blinken "Digər yol - İranın dəstəklədiyi HƏMAS, Husi, Hizbullah tərəfindən terrorizm, nihilizm, dağıntılara şahid olmağa davam etməkdir" deyib.
Blinken "Birinci yol həm bizim üçün, həm də regionda demək olar ki, hər kəs üçün problem yaradan İranı və onun müvəkkillərini təcrid etməyin, kənara qoymağın ən yaxşı yoludur" Dövlət Departamentinin rəhbəri davam edib.
Cümə axşamı Qahirədə keçirilən danışıqlar Blinkenin İordan çayının qərb sahilində Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas, Abbasın isə Sissi və İordaniya kralı II Abdulla ilə görüşməsindən bir gün sonraya təsadüf edir.
Bundan əvvəl Misir HƏMAS-ın 100-dən çox girovu, İsrailin isə 240 fələstinli məhbusu azad etdiyi müvəqqəti atəşkəsdə vasitəçilik etməkdə mühüm rol oynayıb.
ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, istefada olan general Kennet "Frank" Makkenzi çərşənbə günü vebinar zamanı bədbinliyini ifadə edib.
Makkenzi "Düşünürəm ki, qalan girovları geri qaytarmaq çox çətin olacaq. Onlar HƏMAS-ın sahib olduğu son vasitədir. Mən bu girovların çoxunu geri qaytaracağımızda nikbin deyiləm" deyib.
İordaniya, Misir və Fələstin liderləri birgə bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Qəzzada dərhal atəşkəsə və fələstinli mülki əhalinin müdafiəsi üçün təzyiqləri davam etdirməyə çağırıb. Liderlər həmçinin məcburi köçkün olan fələstinlilərin Qəzzada öz evlərinə dönə bilmələrinin vacibliyini vurğulayıb və İsrailin müharibədən sonra Fələstin ərazisinin bir hissəsini yenidən işğal etmək cəhdini rədd edib.
İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü axşam televiziya ilə çıxışı zamanı İsrail "Qəzzanı daimi olaraq işğal etmək və ya mülki əhalisini köçürmək niyyətində deyil" deyib.
"İsrail Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq hüquq normalarına tam uyğun olaraq edirik" - deyə, o bildirib.
İsrail məcburi köçkün olan fələstinlilərin təhlükəsiz şəkildə geri qayıtması üçün Birləşmiş Millətlər Təşkilatının missiyasının müharibədən zərər çəkmiş Qəzzanın şimalındakı vəziyyəti qiymətləndirməsinə icazə verib.
Forum