Accessibility links

Blinken Səudiyyə Ərəbistanı və Misirdə danışıqlarda atəşkəs və Qəzza üçün müharibədən sonrakı planları müzakirə edəcək


ABŞ dövlət katibi Antoni Blinken bu həftə Qəzzada atəşkəs səyləri, fələstinli militantlar tərəfindən saxlanılan girovların azad edilməsi və Qəzza üçün müharibədən sonra planın müzakirə olunacağı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək.

Çərşənbə axşamı Filippinə səfəri zamanı danışan Blinken jurnalistlərə deyib ki, idarəçilik, təhlükəsizlik, humanitar yardım və Qəzzanın yenidən qurulmasına necə yanaşılması ilə bağlı razılıq əldə olunmalıdır.

Blinken Birləşmiş Ştatların İsrailə bir plan hazırlamalı olduğunu çatdırdığını və münaqişənin tez bir zamanda sona çatması ilə bağlı ümidinin qaldığını bildirib.

Blinken Birləşmiş Millətlər Təşkilatının bütün əhalinin humanitar yardıma ehtiyacı olduğuna dair hesabatlarına istinad edərək, Qəzzada "dəhşətli humanitar vəziyyət" adlandırdığı durumu təsvir edib.

"Bunlardan ən etibarlı göstəricilərə görə, Qəzza əhalisinin 100 faizi ciddi qida çatışmazlığı kimi ağır şəraitdədir", Blinken bildirib. "Bu, ilk dəfədir ki, əhali bütünlüklə bu cür təsnif edilir" – deyə, o qeyd edib.

Blinken İsrailin özünü müdafiə etmək hüququnu və oktyabrın 7-də olduğu kimi bir daha hücumun təkrarlanmamasını təmin etməsini dəstəklədiyini ifadə edib. Lakin o, mülki əhalinin qorunmasını və ən çox ehtiyacı olanların humanitar yardımla təmin edilməsini prioritetləşdirməyin "bütövlükdə İsrailin vəzifəsi" olduğunu açıqlayıb.

Blinken Qəzzada mövcud vəziyyətə görə HƏMAS-ı günahlandıraraq deyib ki, terror qruplaşması İsrailə hücuma keçib və silahlarını yerə qoyduğu, mülki əhalinin arxasında gizlənmədiyi və hələ də saxladığı girovları azad etdiyi halda müharibəni dayandıra bilərdi.

ABŞ prezidenti Co Bayden bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahu ilə bir aydan artıq müddətdə ilk dəfə danışaraq, İsrailin Qəzzada HƏMAS militantlarına qarşı apardığı müharibə və ölkənin cənubunda Misir sərhədi yaxınlığındakı Rəfah şəhərinə qurudan hücum planı ilə bağlı yeni narahatlıqlarını dilə gətirib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Baydenin İsrail liderinə telefon danışığında "HƏMAS-ı məğlub etmək məqsədini paylaşırıq, sadəcə olaraq, bunun baş verməsi üçün ardıcıl və davamlı strategiyaya ehtiyacınız olduğuna inanırıq" dediyini bildirib.

Sallivan Netanyahunun Rafahı "dağıdacaq" qurudan hücum planını "yanlış" adlandırıb. Bir milyondan çox fələstinli müharibənin dağıntılarından qorunmaq üçün oradakı müvəqqəti çadırlarda və tikililərdə sığınacaq tapır, onların bir çoxu İsrail bu bölgəyə hücumlarını davam etdirərkən İsrail hərbçilərinin əmri ilə Qəzzanın şimalındakı evlərini tərk edib.

İsrail bölgəyə hər hansı bir hücumdan əvvəl fələstinliləri Rafahda təhlükəsizlikləri üçün açıqlanmayan bir yerə köçürəcəyini vəd edib, lakin bunun harada olacağına dair heç bir açıqlama verməyib.

Baydenin müraciəti ilə Sallivan Netanyahunun İsrailin Rəfaha hər hansı hücum planlarını müzakirə etmək və orada sığınan fələstinlilərin təhlükəsizliyini təmin etmək üçün yaxın günlərdə, ehtimal ki, gələn həftənin əvvəlində Vaşinqtona İsrail rəsmilərindən ibarət bir qrup göndərməyə razı olduğunu bildirib.

Sallivan deyib ki, ABŞ Vaşinqtonda müzakirələr başa çatana qədər İsraildən Rəfaha hər hansı hücuma başlamamasını "gözləyir".

İsrail liderinin ofisi Bayden və Netanyahu arasında telefon danışığından sonra verdiyi açıqlamada bildirib ki, "biz müharibədə son inkişaflar, o cümlədən İsrailin müharibənin bütün məqsədlərinə nail olmaq öhdəliyi: HƏMAS-ın ləğvi, bütün girovlarımızın azad edilməsi və Qəzzanın bundan sonra İsrail üçün təhlükə yaratmayacağı vədi – eyni zamanda, bu məqsədlərə çatmağa kömək edən lazımi humanitar yardımı təmin etmək haqda müzakirələr apardıq".

Baydenin Netanyahu ilə telefon danışığı ABŞ liderinin İsrailin müharibəni aparması, fələstinli mülki əhali arasında getdikcə artan ölüm sayı və Qəzzada aclıq çəkən insanlara humanitar yardımın çatmaması ilə bağlı artan məyusluğunu dilə gətirdiyi vaxta təsadüf edib.

İsrail və HƏMAS-ın müzakirəçiləri altı həftəlik atəşkəs və HƏMAS-ın hələ də saxladığı onlarla fələstinlinin müqabilində 100-ə yaxın girovdan 40-a yaxınının azad edilməsi ilə bağlı razılığa gəlmək üçün bu həftə Qətərə yollanırlar.

Lakin Sallivan atəşkəs danışıqları haqqında bunları deyib: "İndiyə qədər bu razılaşma gözlədiyimizdən daha çətin oldu".

Forum

XS
SM
MD
LG