Accessibility links

Blinken münasibətləri sabitləşdirmək ümidi ilə Çinə səfər edir


ABŞ Dövlət katibi Antoni Blinken cümə günü Çinə yola düşüb. Səfər fevral ayında Çinin casus şarının Amerika hava məkanına düşməsindən sonra təxirə salınmışdı.

Bununla belə, Blinkenin iki ölkə arasındakı gərgin münasibətləri bərpa edə biləcəyi ilə bağlı ümidlər azdır.

Blinken 2018-ci ildən bəri Pekinə səfər edən ilk ABŞ dövlət katibidir.

“Pekində olarkən Blinken Çin Xalq Respublikasının yüksək səviyyəli rəsmiləri ilə görüşəcək və burada ABŞ-Çin münasibətlərinin məsuliyyətli idarə olunması üçün açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyini müzakirə edəcək. O həmçinin ikitərəfli maraq doğuran məsələləri, qlobal və regional mövzuları qaldıracaq və ümumi transmilli çağırışlar üzrə potensial əməkdaşlığı müzakirə edəcək” – deyə, Dövlət Departamentindən bildiriblər.

Çərşənbə axşamı axşam Blinken Çinin xarici işlər naziri Qin Qan ilə telefon danışığı aparıb.

Blinken Tvitter hesabında yazıb ki, o, Qin Qanla “kommunikasiya kanallarını açıq saxlamaq üçün davam edən işləri, həmçinin ikitərəfli və qlobal məsələləri müzakirə edib”.

Pekində Çin rəsmiləri ABŞ-dan Çinin təhlükəsizlik və inkişaf maraqlarına xələl gətirən hərəkətləri dayandırmasını istəyib və əlavə edib ki, iki ölkə fikir ayrılıqlarını həll edə və əməkdaşlığı inkişaf etdirə bilər.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri Pekində keçiriləcək görüşlərdə regional təhlükəsizlik, narkotiklərə nəzarət, iqlim dəyişikliyi və qlobal makroiqtisadi sabitlik məsələlərinin mühüm yer tutacağını bildiriblər.

Bundan əlavə, Blinkenin amerikalıların Çində qanunsuz həbsinə və Çin və ABŞ sakinləri arasında mübadilələrə toxunacağı gözlənilir.

Rəsmilər Blinkenin Pekindəki görüşlərindən “böyük nəticələr” gözləmədiklərini bildiriblər.

XS
SM
MD
LG