ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın ölkəni işğal etməsindən altı ay sonra Vaşinqtonun Kyivə davamlı dəstəyini göstərmək üçün əvvəlcədən elan olunmamış səfərlə Ukraynaya gedib.
Vaşinqtonun Kyivə 3 milyard dollarlıq təhlükəsizlik yardımı paketi vəd etməsindən iki həftə sonra Birləşmiş Ştatlar Ukraynaya 675 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı etməyi planlaşdırır.
Blinken Zelenski ilə görüşdən sonra verdiyi açıqlamada "Ukraynanın fədakar müdafiəçiləri öz ölkələrinin azadlığı uğrunda cəsarətlə döyüşməyə davam edir" deyib. ABŞ-ın yüksək səviyyəli diplomatı prezident Co Baydenin Ukraynaya "gərəkdiyi müddətə" dəstək vermək öhdəliyini bir daha xatırladıb.
"Mən bu mesajı prezident Zelenskiyə və onun komandasına bu gün Kyivdə bir daha təkrarladım. O, suveren, müstəqil Ukraynanın paytaxtı olaraq qalır və qalacaq" - deyə, Blinken bildirib.
Blinken Ukraynanın qorunan prezident administrasiyasının binasına pəncərələrinə qum torbaları yığılmış qaranlıq dəhlizlərdən keçərək daxil olub.
Zelenski Blinkeni ingilis dilində salamlayıb. Daha sonra Ukraynaya verdiyi töhfələrə görə onu "Müdrik Şahzadə Yaroslav" ordeni ilə təltif edib. Blinken "mən böyük qürur duyuram" deyib.
Zelenski ABŞ-ın Ukraynaya göndərdiyi böyük dəstəyə, Baydenə və Konqresə Ukraynaya "ərazilərimizi və torpaqlarımızı qaytarmaqda" yardım etdiyinə görə minnətdarlığını bildirib.
Yeni yardım Baydenin keçən ilin yanvarında vəzifəyə başlamasından bəri ABŞ-ın Ukraynaya yardımının ümumi məbləğini 15,2 milyard dollara çatdıracaq. 675 milyon dollarlıq hərbi yardıma ağır silahlar, sursatlar və zirehli maşınlar daxildir.
Blinkenin Kyivə səfəri həm də BMT Baş Assambleyasının illik toplantısından əvvəl baş tutub. ABŞ rəsmisi dünya liderlərinin toplaşacağı bu iclasın BMT prinsiplərini - Suverenlik və Ərazi Bütövlüyü haqqındakı xartiyanı bir daha təsdiqləmək üçün bir fürsət olduğunu deyib.
"Biz Ukraynanın bu müharibədə qalib gəlməsinə yardım etmək üçün cəmləşmişik və biz bu proses danışıqlar yoluna keçəcəyi günə qədər Ukraynanın ən güclü mövqedə olması üçün təhlükəsizlik yardımı göstərəcəyik" - deyə, yüksək vəzifəli rəsmi bildirib.
Blinkenin Kyivdə uşaq xəstəxanasına baş çəkməsi planlaşdırılır. Birləşmiş Millətlər Təşkilatının təsdiqlənmiş məlumatlarına və "Uşaqları Xilas Et" humanitar yardım təşkilatının məlumatına görə, fevralın 24-dən bəri Ukraynada hər gün orta hesabla 5 uşaq ya ölür, ya da yaralanır.