Accessibility links

Blinken Rusiyanı Ukrayna ətrafında gərginliyi azaltmağa çağırıb


ABŞ Dövlət Katibi Antoni Blinken Vaşinqtonun Ukrayna ilə bağlı “öhdəliyini” vurğulayıb və Rusiyanı qoşunlarını çıxararaq Ukrayna ilə sərhəddəki böhranı “dərhal deeskalasiya” etməyə çağırıb.

Dövlət Departamentinin məlumatına görə, Blinken bunu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında bildirib. Onların söhbəti iki ölkənin BMT-dəki nümayəndələrinin Rusiyanın Qərb müttəfiqlərinin hərbi və diplomatik dəstəyinə arxalanan qonşu Ukraynaya müdaxilə planlaşdırması ilə bağlı iddialar üzərində mübahisə etməsindən bir gün sonra baş tutub.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken ABŞ-ın müttəfiqləri ilə birlikdə “ortaq təhlükəsizlik məsələlərində Rusiya ilə əsaslı fikir mübadiləsini davam etdirməyə” hazır olduğunu vurğulayıb.

Eyni zamanda, Amerika diplomatiyasının rəhbəri "ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini, eləcə də bütün ölkələrin öz xarici siyasətini və müttəfiqlərini müstəqil müəyyən etmək hüququnu bir daha təsdiqləyib" - deyə, Prays Ukraynanın NATO-ya daxil olmaq istəyinə istinad edərək bildirib.

Blinken ABŞ-ın Moskvanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə ona qarşı “tez və sərt” iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə hədələdiyini təkrarlayıb.

Bu arada Putin çərşənbə axşamı Moskvada Macarıstanın Baş naziri Viktor Orbanla görüşdən sonra mətbuat konfransı keçirib. Putin bildirib ki, ABŞ və müttəfiqləri Rusiyanın əsas təhlükəsizlik tələblərinə - Ukraynanın NATO-ya üzvlüyündən imtina etmək və Rusiya yaxınlığında yerləşən qüvvələri geri çəkmək kimi tələblərə məhəl qoymayıblar.

"Rusiyanın prinsipial narahatlığına məhəl qoyulmadı" - deyə, Putin jurnalistlərə bildirib. O, həmçinin qeyd edib ki, bütün tərəflərin maraqları, o cümlədən Rusiyanın təhlükəsizlik problemləri nəzərə alınarsa, qarşıdurmaya son qoymaq üçün danışıqlar mümkündür. “Ümid edirəm ki, sonda biz bu həlli tapacağıq, asan olmayacaq və biz bunu bilirik” - deyə, Putin bildirib.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Rusiya ilə gərginlik fonunda NATO müttəfiqləri ilə görüşmək üçün bu ayın sonunda Avropaya səfər edəcək.

XS
SM
MD
LG