ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, Rusiya və Çin güclərini birləşdirərək, "təhlükəsiz avtokratiya dünyası yaratmaq" istədikləri bir vaxt ABŞ açıq, azad və firavan dünya istəyir.
Amerika diplomatiyasının rəhbəri fikirləri ilə Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı bölüşüb.
Blinken bildirib ki, Soyuq Müharibənin başa çatması daha böyük sülh və sabitliyə, beynəlxalq əməkdaşlığa, iqtisadi müstəqilliyə, siyasi liberallaşmaya və insan haqlarına hörmətə doğru addımdır.
"Lakin bu gün biz Soyuq Müharibədən sonrakı nizamını yaşamırıq. Bu, onun sonudur" - deyə, o bildirib.
Onun sözlərinə görə, onilliklərlə boyu davam edən nisbi geosiyasi sabitlik öz yerini avtoritar güclərlə artan rəqabətə verib.
Dövlət katibi "Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsi BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq nizama və onun dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi və universal bölünməz insan hüquqları kimi əsas prinsiplərinə ən kəskin təhdiddir" deyib.
Blinken deyib ki, "Bu arada, Çin Xalq Respublikası əhəmiyyətli və uzunmüddətli problem yaradır. Çünki o, təkcə beynəlxalq nizamı dəyişdirmək niyyətində deyil, həm də bunu etmək üçün artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malikdir."
O, "Pekin və Moskva güclərini "sərhədsiz tərəfdaşlıq" vasitəsilə dünyanı təhlükəsiz avtokratiya etmək məqsədilə birləşdirir. Onlar çoxtərəfli sistemin əsaslarını yenidən yazmağa və ya məhv etməyə çalışır" deyib.
Ukraynadakı müharibəni "Rusiyanın strateji uğursuzluğu" adlandıran Dövlət katibi deyib ki, ABŞ-ın məqsədi "Ukraynanın təkcə ayaqda qalması deyil, həm də dinamik, firavan və demokratik bir ölkə kimi inkişaf etməsidir."
Forum