Accessibility links

Blinken Çinə Rusiyanın müharibə səylərinə dəstək verməsi ilə bağlı xəbərdarlıq edib


ABŞ dövlət katibi Antoni Blinken cümə günü Çinin Rusiyanın müdafiə sənayesinə verdiyi dəstəkdən "ciddi narahatlığını" ifadə edərək, Çin liderlərinə Vaşinqtonun bu məsələ ilə əlaqədar sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.

Blinkenin şərhləri onun Pekində Çin prezidenti Şi Tsinpin və digər yüksək səviyyəli Çin liderləri ilə iki güc arasında geniş spektrli mübahisələri əhatə edən görüşündən az müddət sonra gəlib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Blinkenin gündəminin əsas mövzusu Çinin Rusiyanı Ukraynaya qarşı müharibəsində istifadə edəcəyi silahları istehsal etmək üçün mikroçiplər, dəzgahlar və digər materiallarla tədarük etməsi olub.

"Mən Şiyə dedim ki, əgər Çin bu problemi həll etməsə, biz həll edəcəyik" - deyə, Blinken bildirib.

Bir neçə həftədir ki, ABŞ rəsmiləri Çinin Rusiyaya "ikili istifadə üçün nəzərdə tutulan əşyalar"ı verməsini əngəlləmək üçün əlavə sanksiyalara işarə edib. Vaşinqtonun fikrincə, bu məhsullar Moskvanın Ukraynaya qarşı müharibəsində mühüm rol oynayır. Bununla belə, Vaşinqtonun nə qədər irəli gedəcəyi bəlli deyil. Belə ki, Çinin böyük banklarının ABŞ maliyyə sistemindən kənarlaşdırılması ABŞ və qlobal iqtisadiyyata zərər verə bilər.

Blinken Pekində keçirdiyi mətbuat konfransında təfərrüatlarını açıqlamadan ABŞ-ın artıq 100-dən çox Çin qurumuna qarşı sanksiyalar tətbiq etdiyini bildirib. "Biz hərəkətə keçməyə, əlavə tədbirlər görməyə tam hazırıq və mən bugünkü görüşlərimdə bunu çox açıq şəkildə bildirdim" - deyə, o qeyd edib.

Çin Rusiyaya yanaşmasını müdafiə edərək, yalnız əsas ticarət tərəfdaşı ilə normal iqtisadi mübadilələr apardığını bildirib. Şi cümə günü ictimai çıxışında Rusiya-Ukrayna məsələsinə toxunmayıb. Bunun əvəzində o, ABŞ-Çin əlaqələrinin yaxşılaşdırılmasının zəruriliyinə diqqət çəkib.

O, "Çin və Birləşmiş Ştatlar rəqib deyil, tərəfdaş olmalıdır, bir-birini incitməkdənsə, bir-birinə uğur qazanmağa yardım etməli, amansız rəqabətə girməkdənsə, ortaq zəmin axtarmalı və fikir ayrılıqlarına təmkinlə yanaşmalıdır" deyib.

ABŞ-Çin münasibətləri keçən il, Şi Tsinpinin Kaliforniyada ABŞ prezidenti Co Baydenlə görüşündən sonra sabitləşib. Həmin sammitdə iki tərəf hərbi əlaqələri yeniləmək və ABŞ-da hər il on minlərlə insanın həyatına son qoyan təhlükəli fentanil narkotik maddəsinin axınını azaltmaq üçün addımlar atmaq barədə razılığa gəlib.

Forum

XS
SM
MD
LG