İsraillə Həmas arasında atəşkəsin cümə günü səhər tezdən qüvvəyə minməsindən sonra ABŞ-ın Dövlət katibi Antoni Blinken bazar ertəsi Yaxın Şərqə yola düşür.
Bu, Blinkenin ABŞ-ın baş diplomatı olaraq bölgəyə ilk səfəridir. O, Vaşinqtonun Qəzzada atəşkəsi möhkəmlətmək səyləri çərçivəsində israilli, fələstinli və regional həmkarları ilə görüşəcək.
ABŞ təcili humanitar yardım və Qəzzadakı bərpa işləri üçün beynəlxalq yardım toplamaqda Fələstin milli idarəsi və Birləşmiş Millətlər Təşkilatı ilə birgə işləməyə sadiq olduğunu bildirib.
"Hazırda bizim diqqətimiz intensiv bir şəkildə humanitar vəziyyətlə məşğul olmağa, bərpa və yenidənqurma işlərinə başlamağa habelə həm fələstinlilər, həm israillilər, həm də bölgədəki tərəfdaşlarla sıx əlaqə saxlamağa yönəlib" - deyə, Blinken bazar günü CNN kanalına bildirib.
Bu arada misirli vasitəçilər atəşkəsə dəstək olmaq üçün Qəzza sərhədini keçərək, Həmasın İordan çayının Qərb Sahilindəki rəqibi, Fələstinin prezidenti Mahmud Abbasla görüşüb. Misir Qəzzada İsraillə Həmasın başçılıq etdiyi fələstinli silahlılar arasında atəşkəsə vasitəçilik edib.
BMT Təhlükəsizlik Şurasının üzvləri İsrail və Həmas arasındakı atəşkəsi alqışlayaraq, həftə sonu yaydıqları bəyanatda tərəfləri bir daha "iki demokratik ölkə, İsrail və Fələstinin sülh içində bir arada yaşaması və bir-birilərinin sərhədlərini tanıması çərçivəsində" hərtərfəli sülhə çağırıb.
Qarşıdurma dayandırıldığı bir vaxt, Blinken bazar günü ABŞ-ın “İsrail və fələstinlilərə bərabər hüquq” verən bir həll yolunun tapılma vaxtının gəldiyinə inandığını deyib.
ABC kanalının “This Week” verilişinə verdiyi müsahibəsində Blinken“fələstinlilərin Fələstin dövlətində təhlükəsiz və ləyaqətlə yaşamaları üçün ümidləri olmalıdır”deyib. Blinken ABŞ Prezidentinin həmişə olduğu kimi“iki dövlət” prinsipinə sadiq qaldığını deyib, lakin bunun “bu gün baş verəcək” bir şey olmadığını bildirib.