Accessibility links

ABŞ Dövlət katibi Antoni Blinken Misirdədir


İsrailin təhlükəsizliyini dəstəklədikdən və Qəzzanın bərpası üçün yardımını elan etdikdən bir gün sonra ABŞ Dövlət katibi Antoni Blinken İsraillə Qəzzadakı fələstinli militantlar arasında atəşkəsin əldə edilməsində aktiv iştirak edən Misirə yola düşüb.

ABŞ-ın yüksək səviyyəli diplomatı kimi Blinken Yaxın Şərqə ilk səfərininin birinci mərhələsini çərşənbə günü İsrail prezidenti Ruben Rivlinlə görüşməsindən sonra başa çatdırıb.

İordaniyaya yola düşməzdən əvvəl Blinken Qahirədə Misir Prezidenti Əbdul Fəttah Əl-Sissi və xarici işlər naziri Sameh Şükrü ilə görüşüb.

"Bildiyiniz kimi Misir atəşkəsin əldə edilməsində yardımçı rol oynayıb, İordaniya isə uzun müddətdir regionda sülh və sabitliyin səsi olub" - deyə, Blinken jurnalistlərlə görüşü zamanı bildirib.

Ramallahda Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşündən sonra Blinken Konqresdən Qəzzadakı fələstinlilər üçün 75 milyon dollar yardım istəyəcəyini deyib.

Blinken həm də Bayden administrasiyasının iki dövlət variantının İsrailin bir yəhudi və demokratik ölkə kimi gələcəyinin təminatının yeganə yolu olduğuna inandığını bildirib.

ABŞ-ın yüksək səviyyəli diplomatı ABŞ-ın Tramp administrasiyasının 2019-cu ildə bağladığı Qüdsdəki konsulluğunu yenidən açacağını və fələstinlilərə 5.5 milyon dollar təcili yardım göndərəcəyini, BMT-nin təcili humanitar yardım kampaniyası üçün isə 32 milyon dollardan çox pul ayıracağını bildirib.

Blinken konsulluğun yenidən açılmasının "ölkəmizin Fələstin xalqı ilə qarşılıqlı əlaqəsi və dəstəyi üçün vacib" olduğunu deyib.

Blinken ABŞ tərəfindən terror qrupu kimi tanınan, Qəzzaya nəzarət edən qrup haqqında danışarkən "Həmasın bu yenidənqurma səylərindən faydalanmaması üçün çalışacağıq" deyib.

Atəşkəsin davam etməsi səyləri çərçivəsində Qüdsü ziyarət edən dövlət katibi İsrailin özünü müdafiə etmək haqqının olduğunu da vurğulayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Blinken həm İsrailin, həm də fələstinlilərin döyüşlər zamanı böyük itkilər verdiyini və ümid, hörmət və inamı bərpa etmək üçün çox iş görülməli olduğunu deyib.


XS
SM
MD
LG